Su polisləri brokonyerlik edən şəxslərə maarifləndici tövsiyyələr veriblər

Su polisləri brokonyerlik edən şəxslərə maarifləndici tövsiyyələr veriblər
  • Cəmiyyət

  • Balıqçılıq və ovçuluqla müvafiq icazələri almadan qanunsuz məşğul olan şəxslərə qarşı Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən nəzarət tədbirləri davam etdirilir.

    DİN-in mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, həyata keçirilən sonuncu tədbir zamanı Lənkəran şəhərindəki “Qızılağac” milli parkında qanunsuz balıq ovu ilə məşğul olan şəhər sakini Vüsal Səfərov tutulub. Baxış zamanı ona məxsus balıqovlama alətləri, qanunsuz tutduğu 70-ə yaxın balıq aşkar edilib. Araşdırma zamanı saxlanılan şəxsin balıqovlama biletinin olmadığı və qoruq ərazisində balıqları elektrik alətlərindən istifadə edərək ovladığı müəyyənləşdirilib.

    İdarənin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı İmişli rayonunda balıq ovu ilə qanunsuz məşğul olan Rafət Cəfərov saxlanılıb. Baxış zamanı onun adı “Qırmızı kitab”a düşən və ovlanması qəti qadağan edilən nəsli kəsilmək üzrə olan poru balıqlarını tutduğu məlum olub.

    Qeyd edək ki, bir poru balığının tutulmasına görə müvafiq qanunvericilikdə 275 manat miqdarında cərimə sanksiyası nəzərdə tutulur.

    Ağstafa rayonunda İdarə əməkdaşları tərəfindən xidməti ərazidə keçirilən növbəti tədbir zamanı rayon sakini Qurban Musayev qanunsuz balıq ovlayan zaman saxlanılıb. Araşdırma zamanı bu şəxsin də elektrik avadanlığından istifadə edərək qanunsuz balıq ovladığı məlum olub.

    Qeyd edək ki, elektrik cihazları ilə tutulan balıqların istehlakı insanlarda müxtəlif növ xəstəliklərə səbəb ola bilər. Həmçinin bu üsul balıqların kütləvi məhvi ilə nəticələndiyindən istifadəsi qəti qadağandır.

    Saatlı rayonunda quş ovu ilə qanunsuz məşğul olan şəxslərə qarşı da Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən tədbirlər həyata keçirilib. Nəticədə xidməti ərazidə çöl quşlarını müvafiq icazələri olmadan qanunsuz ovlayan şəxslər saxlanılıb. Onların ovladıqları müxtəlif növ quşlar, həmçinin ov alətləri aşkar edilərək götürülüb.

    Sonda qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən balıqçılıqla məşğul olan şəxslərin diqqətinə çatdırılır ki, “ASAN xidmət” mərkəzlərində dövlət rüsumu ödəməklə müəyyən edilən qaydalarda balıq tutmaq mümkündür. Dənizdə və su hövzələrində tor qurmaq və elektrik avadanlığından istifadə etməklə balıq tutmaq isə qanunla qəti qadağan olunub.

    Qeyri-qanuni balıqçılıq və ovçuluq fəaliyyəti ilə məşğul olan, qanunsuz ov alətlərindən istifadə edən şəxslərə qarşı Cinayət və İnzibati Xətalar Məcəllələrində nəzərdə tutulan qaydada cəza, eləcə də cərimələr tətbiq edilir.

    Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən, həmçinin qanun pozuntusuna yol verərək Xəzər dənizindən çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə tədbirləri mütəmadi olaraq davam etdirilir.

    Vətəndaşlardan Xəzər dənizində, su hövzələrində və qoruqlarda, eləcə də milli parklarda hər hansı qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

    PAYLAŞ:

    Oxşar xəbərlər