AMEA Rəyasət Heyətində dördseriyalı “Tağıyev” bədii-tarixi filminə baxış və geyim və kino rəssamı Vüsal Rəhimin “Azərbaycan geyim mədəniyyəti. Tarixi irsin bədii interpretasiyası” adlı fərdi sərgisinin açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanda kino sənətinin bir əsrdən artıq inkişaf yolu keçdiyini, müxtəlif tarixi mərhələlər və çətinliklərlə üzləşdiyini bildirib. O, müstəqillik dövründə Azərbaycan kinosunun yeni mərhələyə qədəm qoyduğunu, bu istiqamətdə həyata keçirilən mühüm layihələrin ölkənin mədəni həyatına əhəmiyyətli töhfə verdiyini vurğulayıb.
AMEA rəhbəri “Tağıyev” filmini bu kimi böyük layihələrdən biri kimi səciyyələndirərək bildirib ki, ekran əsəri Azərbaycan tarixində önəmli rol oynamış böyük xeyriyyəçi və mesenat Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinin, tarixi irsinin yeni nəslə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Uzun illər sovet ideologiyasının təsiri ilə tarixi şəxsiyyətlərin yaddaşdan silinməsinə və ya fəaliyyətlərinin təhrif olunmasına cəhdlər göstərilib. “Tağıyev” filmi isə müstəqillik dövründə tarixi şəxsiyyətlərə qayıdışın, onların irsinin yenidən dəyərləndirilməsinin mühüm nümunəsidir.
Akademik İsa Həbibbəyli qeyd edib ki, film yalnız Hacı Zeynalabdin Tağıyevin şəxsiyyətini deyil, onun yaşadığı dövrün ictimai-mədəni mənzərəsini də əks etdirir. Ekran əsərində həmin dövrün hadisələri, sosial münasibətləri, müxtəlif təbəqələrin həyatı və tarixi mühit geniş şəkildə təqdim olunur. Bu baxımdan film Azərbaycanın həmin tarixi mərhələsini daha dolğun təsəvvür etməyə imkan verir.
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınmış “Tağıyev” filminin ərsəyə gəlməsində Bakı Media Mərkəzinin, xüsusilə layihənin rəhbəri və prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın əməyini yüksək dəyərləndirən akademik İsa Həbibbəyli layihənin Azərbaycan mədəniyyəti və kinosu ilə yanaşı, ictimai fikir baxımından da əhəmiyyətli hadisə olduğunu vurğulayıb.
Akademik İsa Həbibbəyli filmin diqqətçəkən xüsusiyyətlərindən birinin dövrün koloritinin, o cümlədən geyim mədəniyyətinin dəqiq və inandırıcı şəkildə təqdim olunması olduğunu bildirib. Qeyd edib ki, filmdə istifadə olunan geyimlər vasitəsilə XX əsrin əvvəllərində Azərbaycanın sosial mühiti, müxtəlif təbəqələrin həyat tərzi və estetik zövqü barədə təsəvvür yaratmaq mümkündür.
AMEA prezidenti, akademik İsa Həbibbəyli “Tağıyev” filmi kimi çətin və möhtəşəm kino layihəsinin uğurlu həllinə və xalqa çatdırılmasında göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevaya kollektivin minnətdarlığını çatdırıb.
Sonra Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev çıxış edərək Azərbaycanın görkəmli sahibkarı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinə həsr olunan “Tağıyev” filminin böyük və çoxseriyalı layihə olduğunu bildirib. O, filmin çəkilişlərinin müxtəlif məkanlarla yanaşı, AMEA-da da aparıldığını diqqətə çatdırıb. Qeyd edib ki, film üzərində gərgin əmək sərf olunub, çəkiliş materiallarından 9 saata yaxın hissə seçilərək ekranlaşdırılıb.
Orman Əliyev layihənin cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılandığını, filmin kinoteatrlarda nümayiş etdirildiyini və ən çox izlənilən yerli filmlər sırasında yer aldığını diqqətə çatdırıb.
“Tağıyev” filmi milli dəyərlərin, xeyriyyəçilik ənənələrinin və Azərbaycanın tarixi şəxsiyyətlərinin irsinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə bildirən icraçı direktor vurğulayıb ki, layihənin müxtəlif bölümlərində Hacı Zeynalabdin Tağıyevin neft fəaliyyəti, ictimai həyatı və maarifçilik təşəbbüsləri, o cümlədən 1901-ci ildə Bakıda ilk müsəlman qız məktəbinin açılması uğrunda mübarizəsi əks etdirilir.
Sonra dörd seriyadan ibarət olan “Tağıyev” filminin bütün hissələrini özündə əks etdirən müxtəlif parçalar videoçarx şəklində tədbir iştirakçılarına təqdim olunub.
Daha sonra “Tağıyev” filminin rejissoru Zaur Qasımov çıxış edərək ekran əsərinin ərsəyə gəlməsi prosesi və yaradıcı heyətin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə həsr olunan film Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınıb. Rejissor filmdə peşəkar yaradıcı heyətin və geniş aktyor kollektivinin böyük əməyi olduğunu qeyd edib, layihəyə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Tədbirdə AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Əliyev “Azərbaycan milli geyimləri: XIX əsrin sonu – XX əsrin əvvəlləri” və AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova “Azərbaycan milli geyimlərində folklor yaddaşı və milli kimlik” mövzularında məruzələri təqdim ediblər. Çıxış edənlər sərginin Azərbaycan geyim mədəniyyətinin tarixi və bədii xüsusiyyətlərini dolğun şəkildə əks etdirdiyini, cəmiyyətin müxtəlif sosial təbəqələrinin geyim üslubunu və məişət xüsusiyyətlərini incə detallarla təqdim etdiyini vurğulayıblar. Qeyd olunub ki, əsərlərdə ənənəvi toxuculuq, parça, naxış və bəzək elementlərindən istifadə milli geyim mədəniyyətinin zənginliyini və tarixi irsin müasir bədii interpretasiyasını nümayiş etdirir.
Sonra “Tağıyev” filminin geyim və kino rəssamı Vüsal Rəhim çıxış edərək fərdi sərgisinin təşkilinə görə Bakı Media Mərkəzinin və Milli Elmlər Akademiyasının rəhbərliyinə minnətdarlığını bildirib, tədbirin Azərbaycan mədəni irsinin təbliği baxımından önəmini vurğulayıb.
Sonda Vüsal Rəhimin “Azərbaycan geyim mədəniyyəti. Tarixi irsin bədii interpretasiyası” adlı fərdi sərgisinə baxış keçirilib.