Dünən, 10 sentyabr 2026-cı ildə 2026/2027ci tədris ilinin başlaması ilə əlaqədar Masallı Dövlət Regional Kollecində Pedaqoji Şuranın iclası keçirilmişdir.
İclasında kollecin direktoru, filologiya üzrə fəlsəfə doktoru Rövşən Qurbanov çıxış edərək yeni tədris ilində qarşıda duran əsas vəzifələr, tədrisin keyfiyyətinin yüksəldilməsi və təhsilalanların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində görüləcək işlər barədə fikirlərini bildirmişdir.
Sonra müəllim kollektivini qarşıya qoyulan vəzifələrin icrasında fəal iştirak etməyə, yeni tədris ilində daha yüksək nəticələr əldə etmək üçün səylərini artırmağa çağırmışdır. O, pedaqoji kollektivin birgə və məqsədyönlü fəaliyyətinin kollecin inkişafında mühüm rol oynadığını vurğulamışdır.
Daha sonra kollecin tədris işləri üzrə direktor müavini Asim Yusifov, təlim-tərbiyə işləri üzrə direktor müavini Dilarə Hüseynova, şöbə müdirləri Azər Nəsirov və Günay Məmmədova çıxış edərək kollecin tədris və tərbiyə prosesinin təşkili, yeni tədris ilində qarşıda duran vəzifələr və görüləcək işlər barədə fikirlərini bildirmişlər. Çıxışlarda tədrisin keyfiyyətinin yüksəldilməsi, tədris proqramlarının vaxtında və səmərəli icrası, müəllimlərin dərslərə hazırlıqlı yanaşması, tələbələrin bilik və bacarıqlarının artırılması, eləcə də tədris intizamının gücləndirilməsi məsələləri diqqət mərkəzində olmuşdur.
May ayında istifadəyə verilən “e-Kollec” elektron kabinet sistemi kollecdə rəqəmsallaşma istiqamətində atılan mühüm addımlardan biri olmuşdur. Elektron kabinet vasitəsilə tələbələrin və müəllimlərin tədris prosesi ilə bağlı məlumatlara daha operativ çıxış imkanları genişləndirilmişdir.
Yeni tədris ilindən etibarən “e-Kollec” sisteminin mobil tətbiq versiyası da istifadəyə verilmişdir. Tələbələr mobil tətbiqi Google Play Store platformasından yükləyərək elektron kabinet imkanlarından mobil cihazları vasitəsilə daha rahat və operativ şəkildə istifadə edə bilərlər. Yeni mobil tətbiq tələbələrimizin tədris prosesi ilə bağlı məlumatları izləməsinə, elektron xidmətlərdən daha rahat yararlanmasına və kolleclə rəqəmsal əlaqəni daha çevik şəkildə həyata keçirməsinə imkan verəcəkdir.
Sonda Rövşən Qurbanov tərəfindən kollecin müəllimi Əlibaba Nəbiyev 60 illik yubileyi münasibətilə rəğbətləndirilmişdir.

