Dünyanın ən nüfuzlu robototexnika və texnologiya yarışlarından biri olan beynəlxalq “RobotChallenge” çempionatının Azərbaycandakı rəsmi yerli seçmə mərhələsi – “RobotChallenge Azerbaijan 2026” ölkəmizdə böyük coşqu və uğurla baş tutmuşdur. Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, “Azercell Telekom” MMC-nin əsas dəstəyi və bir sıra qurumların əməkdaşlığı ilə 13–14 iyun 2026-cı il tarixlərində Bakı Kristal Zalında keçirilən yarışda 600-dən çox iştirakçı və 200-dən artıq komanda mübarizə aparmışdır.
Bu mötəbər yarışda Masallı rayonunu təmsil edən Cavanşir Qasımov adına Banbaşı kənd tam orta ümumtəhsil məktəbinin şagirdləri yüksək nəticələr əldə edərək fərqləniblər. Gərgin mübarizə şəraitində keçən çempionatda məktəbin "Victory" komandası "Robot Bowling Junior" kateqoriyası üzrə gümüş medal qazanmışdır (mentor: Nemət Abdullayev; şagirdlər: Zeynallı Zeynal və Salamzadə Əli). Həmçinin, "Apex-44" komandası "Robot Bowling Senior" kateqoriyası üzrə gümüş medala layiq görülmüşdür (mentor: Fidan Abdullayeva; şagirdlər: Abasov Murad, Abdullazadə Nərmin və Məhərrəmov Məhərrəm). Bundan əlavə, "RC Code Scratch" kateqoriyası üzrə məktəbin şagirdi Abdulla Turan bürünc medal qazanaraq 6–9 avqust 2026-cı il tarixlərində Çinin Pekin şəhərində keçiriləcək "World RobotChallenge" beynəlxalq yarışmasına vəsiqə əldə etmişdir. Rayon məktəblərini təmsil edən bu istedadlı şagirdlərin uğuru ölkəmizdə tətbiq olunan STEAM layihələrinin və regionlarda rəqəmsal bacarıqlara verilən dəstəyin real bəhrəsidir.
Əldə olunan bu parlaq nailiyyətlərlə əlaqədar olaraq, 23 iyul 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında beynəlxalq final mərhələsinə vəsiqə qazanmış Banbaşı kənd məktəbinin şagirdləri və onları yarışa hazırlayan mentor müəllimlərlə görüş keçirilmişdir. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, mentor müəllim Nemət Abdullayev və "Apex-44" komandasının gümüş medalçı üzvü Murad Abasov çıxış edərək gənclərin qazandığı uğurların əhəmiyyətindən danışmışlar. Görüşün sonunda “RobotChallenge Azerbaijan 2026” yarışında yüksək nəticələr göstərərək beynəlxalq finala vəsiqə qazanan şagirdlər və onların mentor müəllimləri Masallı Rayon İcra Hakimiyyəti başçısının “Təşəkkürnamə”si ilə təltif olunmuşlar.
Şagirdlərimizə qarşıdakı Dünya Finalında və gələcək fəaliyyətlərində yeni zəfərlər arzulayırıq!
