İyulun 22-də AMEA-nın Rəyasət Heyətində Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Bu barədə "Leqal"a AMEA-dan məlumat verilib.
Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Həsən bəy Zərdabinin əsasını qoyduğu Azərbaycan milli mətbuatının 151 il ərzində şərəfli inkişaf yolu keçdiyini, bütün dövrlərdə qabaqcıl ictimai ideyaların carçısı olduğunu söyləyib. O, Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtinski, Üzeyir Hacıbəyli, Nəsir İmanquliyev və digər görkəmli ziyalıların mətbuat ənənələrinin formalaşması və inkişafında mühüm xidmətlər göstərdiklərini bildirib.
AMEA rəhbəri qeyd edib ki, milli mətbuat Azərbaycan dilinin saflığının qorunması, xalqın milli-mənəvi dəyərlərinin yaşadılması, ictimai fikrin formalaşdırılması və müstəqil dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində mühüm rol oynayıb. O, Ümummilli Lider Heydər Əliyevin senzuranın ləğvi ilə bağlı tarixi qərarının ölkədə azad mətbuatın və demokratik mühitin inkişafına güclü təkan verdiyini söyləyib. Akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin rəhbərliyi ilə mətbuata dövlət dəstəyi və diqqətin ardıcıl şəkildə davam etdirildiyini bildirib, bu baxımdan Şuşada keçirilən IV Qlobal Media Forumunun əhəmiyyətini xüsusi qeyd edib.
O, həmçinin Akademiyada və ali təhsil müəssisələrində fəaliyyət göstərən çoxsaylı elmi jurnalların elmi fikrin, maarifçiliyin və elmi nəticələrin cəmiyyətə çatdırılmasında mühüm rol oynadığını deyib. Vurğulayıb ki, müstəqillik illərində ixtisaslaşmış media orqanlarının formalaşması ölkəmizdə mətbuatın inkişaf etdiyini və demokratik cəmiyyət quruculuğunun mühüm göstəricilərindən biri olduğunu təsdiqləyir. Akademik İsa Həbibbəyli bu gün milli mətbuatın elmin təbliğinə, cəmiyyətin maariflənməsinə və Azərbaycanın inkişafının işıqlandırılmasına töhfələr verməkdə olduğunu diqqətə çatdırıb.
Sonra AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri professor Vüqar Əhməd milli mətbuat irsinin qorunması və tədqiqi istiqamətində həyata keçirilən mühüm layihələr barədə məlumat verib. Qeyd edib ki, institut tərəfindən “Məktəb”, “Ziya”, “Ziyayi-Qafqaziyyə” və digər tarixi dövri mətbuat nümunələri müasir Azərbaycan əlifbasına transliterasiya olunub, bir sıra nəşrlər üzərində isə işlər davam etdirilir. O, akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə hazırlanaraq nəşr olunan “Molla Nəsrəddin” ensiklopediyasını Azərbaycan elmi və mətbuat tarixində mühüm hadisə kimi dəyərləndirib və bu nəşrin milli mətbuat irsinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbirdə “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, “Xalq qəzeti”nin baş redaktorunun müavini Tahir Aydınoğlu , “525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin Hüseynli, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı dosent Zaur Əliyev Azərbaycan milli mətbuatının tarixi inkişaf yolundan, cəmiyyətin maarifləndirilməsi və milli-mənəvi dəyərlərin qorunmasında oynadığı mühüm roldan bəhs ediblər.
Daha sonra çıxış edən AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri dosent Ağahüseyn Şükürov Azərbaycan milli mətbuatının 151 illik zəngin ənənələrinin uğurla davam etdirildiyini bildirib. O, AMEA-nın ictimaiyyətlə əlaqələr və media sahəsində həyata keçirdiyi fəaliyyət barədə məlumat verərək Akademiyanın elmi nailiyyətlərinin Science.gov.az portalı, “Elm” qəzeti, “Elm və həyat” jurnalı, Elm TV və sosial media platformaları vasitəsilə operativ şəkildə ictimaiyyətə çatdırıldığını diqqətə çatdırıb. Ağahüseyn Şükürov, həmçinin son illər AMEA-nın sosial media fəaliyyətinin müasir tələblərə uyğun yenidən qurulduğunu qeyd edib.
Sonda bir qrup media nümayəndəsi mükafatlandırılıb.









