Rayon rəhbəri Boradigah ərazi nümayəndəliyinin və Boradigah bələdiyyəsinin təşəbbüsü, xeyriyyəçilərin dəstəyi ilə həyata keçirilən su aparıcı kanalların lildən təmizlənməsi işləri ilə yerində tanış olub. Baxışda rayon icra hakimiyyəti başçısının birinci müavini, ərazi nümayəndəsi, bələdiyyə sədri və aidiyyəti şəxslər iştirak ediblər.
Rayon rəhbərinə məlumat verilib ki, təmizləmə işləri Boradigah ərazisində Babaser kəndindən başlayaraq Mollaoba–Qumbaşı istiqamətində uzanan su aparıcı kanalları əhatə edir. Layihə çərçivəsində ümumilikdə 6 kilometr uzunluğunda kanalın lildən təmizlənməsi nəzərdə tutulub.
Hazırda 1 kilometrlik hissədə təmizləmə işləri başa çatdırılıb. Qeyd olunub ki, həyata keçirilən tədbirlər sel və yağış sularının maneəsiz axınının təmin edilməsinə, daşqın riskinin azaldılmasına, əkin sahələrinin və həyətyanı torpaq sahələrinin su basmasının qarşısının alınmasına, eləcə də meliorativ vəziyyətin yaxşılaşdırılmasına xidmət edir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı görülən işlərin vaxtında və keyfiyyətlə başa çatdırılmasının vacibliyini vurğulayıb, aidiyyəti qurumlara müvafiq tapşırıq və tövsiyələrini verib. Bildirilib ki, layihə çərçivəsində nəzərdə tutulan işlərin qalan hissəsinin icrası istiqamətində tədbirlər ardıcıl olaraq davam etdirilir.
