Masallıda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün teatr tamaşası nümayiş etdirilib

Masallıda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün teatr tamaşası nümayiş etdirilib
  • Cəmiyyət

  • “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Masallı Rayon İcra Hakimiyyəti və Lənkəran Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə Masallı Rayon Heydər Əliyev Mərkəzində uşaqlar üçün bayram tədbiri keçirilib. Tədbir çərçivəsində Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi tərəfindən balaca tamaşaçılara "Möcüzəli kitabın sirri" adlı maraqlı tamaşa təqdim olunub.

    Tamaşadan öncə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Abbas Abbaszadə uşaqları əlamətdar bayram günü münasibətilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı adından təbrik edib, onlara cansağlığı və uğurlar arzulayıb. Natiq qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilən dövlət uşaq siyasəti gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam, savadlı, vətənpərvər ruhda böyüməsinə xidmət edir.

    Daha sonra Lənkəran Dövlət Dram Teatrının direktoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi və Dağıstan Respublikasının əməkdar artisti Laləzar Hüseynova və Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva çıxış edərək uşaqlara xoş arzularını çatdırıblar, bənzər mədəni kütləvi tədbirlərin uşaqların dünyagörüşünün artırılmasında əhəmiyyətli rol oynadığını bildiriblər.

    Rəsmi hissənin ardınca Lənkəran Dövlət Dram Teatrının aktyorlarının ifasında nümayiş etdirilən "Möcüzəli kitabın sirri" adlı səhnə əsəri uşaqlar tərəfindən böyük maraq və sevinclə qarşılanıb. Rəngarəng səhnə tərtibatı, musiqili və öyrədici xarakterli süjet xətti uşaqlara unudulmaz bayram sevinci bəxş edib.

    PAYLAŞ:

    Oxşar xəbərlər