Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə rayonda silsilə görüşlər keçirilib, balacaların bayram sevinci bölüşülüb.
Bu münasibətlə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, İcra Hakimiyyəti Başçısının Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Abbas Abbaszadə, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Zamin Məmmədov və Rayon Təhsil Sektorunun müdiri Elman Rzayev, Masallı şəhəri və Ərkivan qəsəbəsində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində, həmçinin “Günərzi” Qayğı Mərkəzində uşaqlarla görüşüblər.
Keçirilən görüşlərdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov bayram münasibətilə uşaqları ürəkdən təbrik edib, onlara möhkəm cansağlığı, xoşbəxt gələcək və uğurlar arzulayıb. İcra başçısı vurğulayıb ki, uşaqların sağlam, savadlı və vətənpərvər ruhda böyüməsi dövlətimizin yürütdüyü siyasətin ən prioritet istiqamətlərindən biridir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uşaq siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
“Bizim hər birimizin borcu gələcəyimiz olan uşaqları qorumaq, onlara layiqli vətəndaş kimi yetişmələri üçün hər cür şərait yaratmaqdır,” – deyə rayon rəhbəri qeyd edib.
Ziyarət olunan bağçalarda və “Günərzi” Qayğı Mərkəzində uşaqlar qonaqları böyük coşqu ilə qarşılayıblar. Balacalar hazırladıqları bayram proqramı çərçivəsində şeirlər səsləndirib, mahnılar oxuyub və rəqs nömrələri nümayiş etdiriblər.
Təhsil müəssisələrinin rəhbərliyi, tərbiyəçilər və valideynlər uşaqlara göstərilən bu ali diqqət və qayğıya, həmçinin bayram günündə balacalara bəxş etdikləri xoş anlara görə ölkə rəhbərliyinə və rayon rəhbərinə dərin minnətdarlıqlarını bildiriblər.


