Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 28 May “Müstəqillik Günü” münasibətilə “Müstəqillikdən Zəfərə” adlı tədbir keçirilmişdir. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə geniş məruzə ilə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov bildirmişdir ki, 1918-ci ilin 28 mayında Şərqdə ilk dəfə demokratik, hüquqi və dünyəvi respublika quran Azərbaycan xalqı, öz müstəqillik eşqini bütün dünyaya bəyan etmişdir. İcra başçısı vurğulamışdır ki, bu müqəddəs müstəqillik ideyası Ulu Öndər Heydər Əliyevin dühası ilə möhkəmlənmiş, bu gün isə Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə özünün ən uca, ən qüdrətli zirvəsinə — “Zəfər” zirvəsinə ucalmışdır.
Daha sonra çıxış edən YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığından bəhs etmişdir. O qeyd etmişdir ki, 30 illik yurd həsrətinə son qoyan, bizə "Müstəqillikdən Zəfərə" uzanan o şanlı yolu yaşadan rəşadətli Azərbaycan Ordusuna və onun Müzəffər Ali Baş Komandanına eşq olsun! Sədr bu gün Masallı zalından ucalan bu coşğunun müstəqilliyimizin əbədiliyinə, dövlətimizin sarsılmazlığına olan inamın səsidir olduğunu diqqətə çatdırmışdır.
Masallı Dövlət Regional Kollecinin tarix müəllimi Nazim Əliyev öz çıxışında müstəqilliyimizin tarixi əhəmiyyətini önə çəkmişdir. Natiq xüsusi olaraq vurğulamışdır ki, bu gün bizim müstəqilliyimiz daha tam, daha bütöv və daha qürurludur. Çünki bu müstəqilliyin tacı — Qarabağdır, Şuşadır, Xankəndidir!
Z.Nəcəfov adına Ərkivan qəsəbə 2 saylı tam orta ümumtəhsil məktəbinin direktoru Aytən Əliyeva isə öz növbəsində müstəqilliyin qadınlara verdiyi hüquqlardan danışmışdır. O, Şərqdə ilk respublika quran Azərbaycanın qadınlara seçmək və seçilmək hüququ verməklə dünyaya nümunə olduğunu və bu gün müstəqil dövlətimizdə qadınların cəmiyyətin hər bir sahəsində aparıcı qüvvəyə çevrildiyini qeyd etmişdir.
Masallı Rayon Heydər Əliyev Mərkəzində 28 May “Müstəqillik Günü” münasibətilə keçirilən “Müstəqillikdən Zəfərə” adlı tədbir sonda xatirə şəkillərinin çəkdirilməsi ilə yekunlaşdı.





