Masallıdan Astaraya anım ziyarəti: Milli Qəhrəman Pəncəli Teymurovun ev muzeyinə ehtiram səfəri

Masallıdan Astaraya anım ziyarəti: Milli Qəhrəman Pəncəli Teymurovun ev muzeyinə ehtiram səfəri
  • Cəmiyyət

  • Astara rayonunun qədim və füsunkar təbiətə malik Əzərüd kəndi Azərbaycanın qəhrəman oğullarından biri olan Azərbaycan Respublikası Milli Qəhrəmanı şəhid Pəncəli Teymurovun doğulub boya-başa çatdığı müqəddəs yurd yerlərindən biridir. Talış dağlarının ətəyində yerləşən bu kənd öz vətənpərvər insanları, milli-mənəvi dəyərlərə bağlılığı və qəhrəman övladları ilə tanınır. Əzərüd kəndinin sakinləri hər zaman Vətənə bağlılıqları və dövlətçiliyə sədaqətləri ilə seçiliblər.

    Azərbaycan Respublikası Milli Qəhrəmanı şəhid Pəncəli Teymurov isə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi igidlik, qorxmazlıq və qəhrəmanlıq ilə xalqımızın yaddaşında əbədi yaşayır. O, Vətənin müdafiəsi uğrunda canından keçərək adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırıb. Dövlətimiz tərəfindən onun xidmətləri yüksək qiymətləndirilib və Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bu ali ad şəhidimizin Vətən uğrunda göstərdiyi misilsiz şücaətin ən yüksək qiyməti hesab olunur.

    Bu gün Astara rayonunun Əzərüd kəndində yerləşən Azərbaycan Respublikası Milli Qəhrəmanı şəhid Pəncəli Teymurovun ev muzeyi ziyarət olunub. Ziyarətdə “Tərəqqi” medallı, “Vətən naminə” medalı ilə təltif edilmiş respublikanın qabaqcıl maarif xadimi, əməkdar müəllim Mirqabil Hüseynov, “Yeni Həyat” qəzetinin baş redaktoru, tanınmış jurnalist Əlihüseyn Şükürov, “Cənubunsəsi” xəbər portalının təsisçisi və baş redaktoru, ictimai fəal bloger-jurnalist Mərhəmət Lələyev iştirak ediblər.

    Ziyarət iştirakçıları əvvəlcə Milli Qəhrəmanın ev muzeyində qorunub saxlanılan şəxsi əşyalar, döyüş zamanı istifadə etdiyi ləvazimatlar, fotoşəkillər, sənədlər və müxtəlif eksponatlarla yaxından tanış olublar. Muzeydə nümayiş etdirilən eksponatlar şəhid qəhrəmanın keçdiyi şərəfli ömür yolunu və Vətən uğrunda göstərdiyi igidliyi bir daha ziyarətçilərin diqqətinə çatdırıb.

    Çıxış edən əməkdar müəllim Mirqabil Hüseynov bildirib ki, belə qəhrəman oğullar Azərbaycan xalqının qürur mənbəyidir: “Pəncəli Teymurov kimi igid oğullarımız xalqımızın baş tacıdır. Onların həyat yolu gənclərimiz üçün əsl vətənpərvərlik nümunəsidir. Bu cür qəhrəmanlarımızın tanıdılması və xatirəsinin yaşadılması hər birimizin mənəvi borcudur.”

    “Yeni Həyat” qəzetinin baş redaktoru Əlihüseyn Şükürov isə çıxışında qeyd edib: “Milli Qəhrəmanlarımız Azərbaycanın şərəf tarixini yazan insanlardır. Pəncəli Teymurovun göstərdiyi qəhrəmanlıq heç vaxt unudulmayacaq. Belə igid oğullarımızın həyat yolu gələcək nəsillərə örnək olaraq yaşayacaq.”
    “Cənubunsəsi” xəbər portalının təsisçisi və baş redaktoru, ictimai fəal bloger-jurnalist Mərhəmət Lələyev çıxışında bildirib: “Bu gün Milli Qəhrəmanımızın müqəddəs ocağında olmaq bizim üçün böyük şərəfdir. Pəncəli Teymurov kimi qəhrəman oğullarımız Azərbaycanın müstəqilliyi və torpaq bütövlüyü uğrunda canlarından keçiblər. Dövlətimizin ona ‘Azərbaycanın Milli Qəhrəmanı’ adını verməsi şəhidimizin göstərdiyi qəhrəmanlığa verilən ən ali qiymətdir. Bu, bir daha göstərir ki, Azərbaycan dövləti öz qəhrəman oğullarını heç zaman unutmur. Şəhidlərimizin adı daim yaşayacaq, onların qəhrəmanlığı gələcək nəsillərə örnək olacaq.”
    Görüş zamanı Milli Qəhrəmanın anası Vahimə xanımla səmimi söhbət aparılıb. Vahimə ana göstərilən diqqət və ehtirama görə təşəkkürünü bildirərək deyib: “Övladımın unudulmaması, onun adının hörmətlə çəkilməsi mənim üçün böyük təsəllidir. Bu gün evimizə gələn hər bir qonağa minnətdaram. Allah bütün şəhidlərimizə rəhmət eləsin.”

    Sonda qonaqlar xatirə dəftərinə ürək sözlərini yazıb, Milli Qəhrəmanın əziz xatirəsini dərin ehtiramla yad edərək xatirə şəkilləri çəkdiriblər.


    Müəllif: Günel Əliyeva




    PAYLAŞ:

    Oxşar xəbərlər