Yeni Azərbaycan Partiyası (YAP) Masallı Rayon Təşkilatı, Masallı Rayon İcra Hakimiyyəti və Masallı Dövlət Regional Kollec ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Masallı rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Azərbaycanın siyasi, iqtisadi, hərbi qüdrətinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi və Şəhidlər Kompleksi ziyarət edilib, abidə önünə gül dəstələri qoyulub. Daha sonra iştirakçılar Heydər Əliyev Mərkəzində təşkil olunmuş “Dahi lider və mədəniyyət strategiyası - Heydər Əliyev” adlı səyyar sərgi ilə tanış olublar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndərin, eləcə də Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Milli Məclisin deputatı Məşhur Məmmədov, Masallı Dövlət Regional Kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Rövşən Qurbanov, Astara Pedaqoji Kollecinin direktoru, filologiya elmləri doktoru, professor Kamran Kazımov, Lənkəran Dövlət Universitetinin Tarix və onun tədrisi kafedrasının müdiri, dosent Kamal Mahmudov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının baş müəllimi Fuad Mürsəlli və YAP Mərkəzi Aparatının məsul işçisi Əli Axundov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Ulu Öndər Heydər Əliyev öz mənalı və zəngin ömrünü xalqına, Vətəninə və dövlətinə həsr etmiş, müasir Azərbaycan dövlətinin qurulmasında müstəsna rol oynamışdır. Qeyd olunub ki, məhz Heydər Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində ölkəmiz sabitliyə qovuşmuş, beynəlxalq aləmdə layiqli yerini tutmuşdur.
Ulu Öndərin memarlıq və şəhərsalma sahəsindəki xidmətlərindən danışılıb, bu sahədə qoyulan əsasların bu gün də uğurla davam etdirildiyi bildirilib.
Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan sürətli inkişaf yoluna qədəm qoymuş, sosial rifahın yüksəldilməsi, şəhid ailələrinə və müharibə əlillərinə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bildirilib ki, xalq-iqtidar birliyi ölkəmizin bütün sınaqlardan uğurla çıxmasının əsas amilidir.
Çıxışlarda qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri və “Böyük Qayıdış” proqramı Heydər Əliyev ideyalarının uğurla davam etdirildiyini nümayiş etdirir.
Tədbir Masallı Dövlət Regional Kollecinin təqdimatında bədii kompozisiya və musiqi nömrələri ilə davam edib.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.
Əlihüseyn ŞÜKÜROV,
Masallıda çıxan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru.





