Fevralın 19-da Masallı Regional “ASAN xidmət” mərkəzində Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının yaradılmasının 33 illiyi ilə əlaqədar “Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır” mövzusunda tədbir keçirilib.
“Leqal” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucalan abidəsini və şəhidlər kompleksini ziyarət edib, abidə önünə tər- gül dəstələri qoyublar.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının 33 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev tədbir iştirakçılarını partiyanın Masallı rayon təşkilatının yaradılmasının 33-cü ildönümü münasibətilə təbrik etmiş, çıxış edərək xalqımızın böyük oğlu Heydər Əliyevin banisi olduğu tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyasının bu günə qədər keçdiyi siyasi mübarizələrlə dolu şərəfli yolundan danışıb. Bildirib ki, dahi şəxsiyyətin üzərinə böyük bir tarixi missiya götürərək yaratdığı Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın tarixində çox önəmli bir hadisə oldu. Qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilərək “Dünənin, bu günün və gələcəyin” partiyasına çevrildi. Bu gün partiya öz sıralarında vətənini sevən və xalqına sadiq olan vətəndaşların yer aldığı partiyadır. Bu gün əsası Heydər Əliyev tərəfindən qoyulan partiya ən şanlı tarixini yaşayır. Tarixin ciddi sınaqlarından çıxmış Yeni Azərbaycan Partiyası saysız-hesabsız tarixi nailiyyətlərə imza atmaqla daha da möhkəmlənib, daha da inkişaf edib. Ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin davamlı inkişafın təminatçısı kimi xalqın böyük əksəriyyətinin etimadını qazanıb.
Banisi Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının cənab İlham Əliyevin rəhbərliyi ilə imza atdığı yeni nailiyyətlərindən söz açan Seyfəddin Əliyev bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin qazandığı nailiyyətlərin və uğurların bələdçisidir. Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə məhz Yeni Azərbaycan Partiyasının və partiyanın lideri Ali Baş Komandan, Prezident İlham Əliyevin məqsədyönlü və prinsipial diplomatiyasının uğurudur.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyası xalqın mənafelərinə xidmət etmək, ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq, zərurətdən yaranmış bir partiyadır. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası xalqın böyük əksəriyyətinin etimadını qazanıb və güclü təşkilatlanma ilə avanqard siyasi qüvvəyə çevrilib. Bu isə dünənin, bu günün, gələcəyin partiyasının təməlində yalnız xalqın sevgisinin, etimadının dayandığını bir daha sübut edir.
Milli Məclisin deputatı Məşhur Məmmədov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi illərdə bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək, əhəmiyyətli uğurlara imza atıb. Partiyanın yaradıcısı ümummilli lider Heydər Əliyevin müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyəti Azərbaycanın bu gününü və gələcək taleyini müəyyən edib.
Tədbirdə Şəhər 1 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri, Şəhid anası Mehriban Sultanova, Masallı Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Mahmudavar ərazi partiya təşkilatının sədri Xanım Əliyeva, Xırmandalı ərazi partiya təşkilatının sədri Məhəmməd Yusfov və başqaları çıxış edərək qurucusu Ümummilli Lider Heydər Əliyev olan partiyanın yarandığı gündən keçdiyi keşməkeşli yoldan və Ulu Öndərin siyasi fəaliyyətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.
Tədbirin sonunda Masallı rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, təşəkkürnamələr, qiymətli hədiyyələr, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

