AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkəmizdə səfərdə olan Albaniya Aralıq Dənizi Universitetinin fəxri prezidenti akademik Anastas Angjeli ilə görüşüb.
AMEA-nın Rəyasət Heyətində keçirilən görüş zamanı akademik İsa Həbibbəyli son illərdə Azərbaycanla Albaniya arasında sıx münasibətlərin olduğunu, dostluq və iqtisadi əməkdaşlıq əlaqələrinin genişlənməyə davam etdiyini bildirib.
Genişlənməkdə olan əlaqələrin elmi müstəvidə də yeni imkanlar açdığını deyən akademik İsa Həbibbəyli AMEA-nın tarixi, eləcə də elmi müəssisə və təşkilatları, həyata keçirilən elmi layihələr və prioritet istiqamətlər barədə qonaqlara məlumat verib. Həmçinin son illərdə əldə olunmuş nailiyyətləri və gələcək əməkdaşlıq perspektivlərini diqqətə çatdırıb.
Albaniya Aralıq Dənizi Universitetinin fəxri prezidenti akademik Anastas Angjeli isə öz növbəsində qonaqpərvərliyə görə minnətdarlığını bildirib, XIII Qlobal Bakı Forumu çərçivəsində ölkəmizdə səfərdə olduqlarını söyləyib.
Albaniya Aralıq Dənizi Universitetinin tarixi, strukturu və beynəlxalq layihələri barədə məlumat verən Anastas Angjeli xüsusilə universitetin elmi potensialı, beynəlxalq əməkdaşlıq təcrübəsindən ətraflı söz açıb.
Görüş zamanı, o cümlədən AMEA ilə Albaniya Elmlər Akademiyası arasında imzalanacaq Anlaşma memorandumunun mətni müzakirə olunub və elmi əməkdaşlığın konkret istiqamətləri müəyyənləşdirilib.
Bundan əlavə, tərəflər iki ölkə arasında elm sahəsində əməkdaşlığın önəmini vurğulayıb, qarşılıqlı layihələrin genişləndirilməsi və birgə tədqiqatların təşviqi barədə fikir mübadiləsi aparıblar.
Sonda qonaqlar AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olub, xatirə şəkilləri çəkdiriblər.
Görüşdə Albaniya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Besart Kadia, Albaniya Aralıq Dənizi Universitetinin prorektoru professor Arben Cici, diplomat Dorian Koçi, AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva və AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, dosent Ağahüseyn Şükürov da iştirak ediblər.
