Xalq şairi Səməd Vurğunun 120 illik yubileyi ilə əlaqədar Mərkəzi Elmi Kitabxananın hazırladığı elektron resurs təqdim olunub

Xalq şairi Səməd Vurğunun 120 illik yubileyi ilə əlaqədar Mərkəzi Elmi Kitabxananın hazırladığı elektron resurs təqdim olunub
  • Cəmiyyət

  • AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Xalq şairi Səməd Vurğunun 120 illiyi münasibətilə hazırlanmış yeni elektron resurs təqdim olunub.

    Layihəni təqdim edən AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov bildirib ki, müasir texnologiyaların imkanları ilə hazırlanan platforma böyük sənətkarın zəngin irsini həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanıtmaq məqsədi daşıyır.

    Onun sözlərinə görə, resursda şairin avtobioqrafiyası, əsərləri, kitabları və şeirləri geniş şəkildə təqdim olunur. Burada istifadəçilər Səməd Vurğunun müəllifi olduğu və müxtəlif illərdə nəşr edilmiş “Seçilmiş əsərləri”, “Aygün”, “Vaqif”, “Muğan”, “Mən tələsmirəm”, “İstiqbal təranələri”, “Deyin, gülün, övladlarım!” və s. kitabları, məqalələr toplusu, o cümlədən Səməd Vurğunun həyat və yaradıcılığı haqqında monoqrafiyalar, avtoreferatlardan ibarət 100-ə yaxın kitabla tanış ola bilərlər. Həmçinin tərcümələri, aforizmləri, şeirləri əsasında hazırlanmış audio səsləndirmələr də resursun “Şairin yaradıcılığı” bölməsində təqdim olunur.

    Hüseyn Hüseynov qeyd edib ki, elektron bazada, o cümlədən sənətkarın dövlət mükafatları, fəxri adları, orden və medalları barədə məlumatlar toplanıb. “Fotoyaddaş” yarımbölməsində onun həyatının müxtəlif mərhələlərini əks etdirən fotoşəkillər, video arxivdə isə çıxışları, haqqında çəkilmiş filmlər və digər sənədli materiallar bir arada sistemləşdirilib. Resursda, həmçinin şairin şeirlərinə bəstələnmiş mahnılar, film və tamaşalar bölməsində isə “Aygün”, “Yeddi oğul istərəm” bədii filmləri, “Vaqif”, “Fərhad və Şirin” tamaşaları yer alır.

    Texnika elmləri doktoru Hüseyn Hüseynov bildirib ki, elektron resurs Mərkəzi Elmi Kitabxananın saytına inteqrasiya ediləcək və bütün oxucuların istifadəsinə veriləcək.

    Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Rəyasət Heyətinin qərarı ilə elektron resurs yüksək qiymətləndirilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər