AMEA-da görkəmli ədəbiyyatşünas alim Yaşar Qarayevin 90 illik yubileyinə həsr olunan tədbir keçirilib

AMEA-da görkəmli ədəbiyyatşünas alim Yaşar Qarayevin 90 illik yubileyinə həsr olunan tədbir keçirilib
  • Cəmiyyət

  • AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas və tənqidçi alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Yaşar Qarayevin anadan olmasının 90 illiyinə həsr edilmiş “Azərbaycan humanitariyasında Yaşar Qarayev fenomeni” mövzusunda elmi sessiya keçirilib.

    Əvvəlcə tədbir iştirakçıları İkinci Fəxri Xiyabanda ədəbiyyatşünas alim Yaşar Qarayevin məzarını ziyarət edib, alimin xatirəsini ehtiramla anıblar.

    İnstitutun foyesində Yaşar Qarayevin elmi və yaradıcılıq fəaliyyətini əks etdirən sərgi nümayiş etdirilib.

    Elmi sessiyanı giriş sözü ilə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq alimin Azərbaycan ədəbiyyatşünaslığının inkişafındakı müstəsna xidmətlərindən danışıb.

    Akademik İsa Həbibbəyli AMEA-nın müxbir üzvü Yaşar Qarayevin Azərbaycan ədəbiyyatşünaslıq elmində yüksək intellektual keyfiyyətləri ilə seçilən görkəmli elm xadimi olduğunu vurğulayıb. Qeyd edib ki, Yaşar Qarayev ədəbi tənqidin, nəzəriyyənin və ədəbiyyat tarixinin ən incə detallarını belə özünəməxsus şəxsiyyəti və obrazlı təfəkkürü ilə təqdim etməyi bacarıb, eyni zamanda elmi fikrə poetik dəyər qazandırıb. Onun qələmə aldığı əsərlərin fundamental xarakter daşıdığını bildirən Akademiya prezidenti əlavə edib ki, bu əsərlərdə qaldırılan problemlər adətən bütöv bir institutun və ya şöbənin tədqiqat predmeti ola biləcək miqyasdadır.

    AMEA rəhbəri vurğulayıb ki, alimin “Faciə və qəhrəman” mövzusunda yazdığı dissertasiya işi Azərbaycan ədəbiyyatşünaslığında keyfiyyətcə yeni elmi yanaşmanın və tədqiqat istiqamətinin meydana çıxmasına səbəb olub. Sonrakı dövrdə qələmə alınan araşdırmalarda faciə və qəhrəman münasibətlərinin elmi şərhində Yaşar Qarayevin formalaşdırdığı konseptual model əsas metodoloji bələdçi kimi çıxış edib və bütövlükdə ədəbiyyatşünaslıq elminin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət göstərib.

    “Yaşar Qarayev Azərbaycan realizminin təşəkkül və inkişaf mərhələlərini, bu ədəbi cərəyanın dünya ədəbiyyatı ilə qarşılıqlı əlaqələrini, eləcə də XIX–XX əsrlər realist bədii nəsrinin tipoloji xüsusiyyətlərini sistemli və dərin elmi təhlil predmetinə çevirib”, – deyə bildirən akademik İsa Həbibbəyli vurğulayıb ki, alimin “Azərbaycan realizminin mərhələləri” adlı monoqrafiyası Azərbaycan ədəbiyyatşünaslıq elminin tarixində ədəbi cərəyanlara həsr olunmuş fundamental, konseptual və yüksək elmi dəyərə malik tədqiqat əsəri kimi xüsusi yer tutur.

    Vurğulanıb ki, Yaşar Qarayev ədəbiyyat haqqında poetik dillə danışmağı bacaran, tənqidi-nəzəri düşüncəsinə şeiriyyət qazandıran nadir elm xadimlərindən biridir. Alimin “Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər” adlı əsəri klassik ədəbiyyat tarixi kitabları sırasında məzmunu və yanaşma tərzi ilə köklü şəkildə fərqlənir. Bu əsərdə Azərbaycanda milli ədəbi inkişafın mərhələli təsnifi və bədii tipologiyası ilə bağlı yeni elmi konsepsiya formalaşdırılaraq əsaslandırılıb.

    Akademik İsa Həbibbəyli Yaşar Qarayevin Azərbaycan ədəbiyyat tarixçiliyində yalnız iştirakçı deyil, öz elmi məktəbini və istiqamətini yaratmış, fərqli düşüncə tərzi formalaşdırmış görkəmli tədqiqatçı kimi tanındığını da söyləyib.

    AMEA rəhbəri alimin çoxcəhətli fəaliyyətində Azərbaycanın müstəqillik ideyalarının tədqiqinin xüsusi yer tutduğuna diqqət çəkərək bildirib ki, alimin romantizm mövzusunda dissertasiya müdafiəsindən sonra yazdığı məqalələrin hər birində müstəqillik anlayışı mərkəzi xətti təşkil edib: “Yaşar Qarayev 1980-ci illərin ikinci yarısında qələmə aldığı əsərlərlə xalqı və ədəbiyyat elminin qüvvələrini müstəqilliyə doğru səfərbər edib və Azərbaycan ədəbiyyatşünaslıq elminin tarixində müstəqillik uğrunda yeni elmi-mədəni mübarizənin başlanmasına töhfə verib”.

    Bu gün Yaşar Qarayevin açdığı yolun, ideyaların və onun yaratdığı məktəbin Azərbaycan ədəbiyyatşünaslıq elmi, eləcə də AMEA-nın Humanitar və İctimai Elmlər bölmələri üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyən akademik İsa Həbibbəyli alimin böyük bir elmi məktəb yaratdığını və onun yetirmələrinin bu ənənələri, üslubu davam etdirərək Azərbaycan ədəbiyyatşünaslığını daha yüksək zirvələrə doğru apardığını bildirib.

    O, çıxışında Yaşar Qarayevin ədəbiyyatşünaslıq elminin ictimai motivlərdən gerçəkliyə doğru istiqamətlənməsində və bu sahənin möhkəm elmi əsaslarının yaradılmasında müstəsna xidməti olduğunu qeyd edərək, alimin adının ədəbiyyatşünaslıq elminin tarixində əbədi olaraq qalacağına əminliyini ifadə edib.

    Sonra Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli “Yaşar Qarayev ədəbi tənqid haqqında”, Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavəri “Yaşar Qarayev: analitik filoloji yanaşmadan fəlsəfi kulturoloji konsepsiya”, millət vəkili, filologiya elmləri doktoru Elnarə Akimova “Yaşar Qarayevin Azərbaycan humanitariyasına gətirdiyi yeniliklər” adlı məruzələrlə çıxış ediblər.

    Tədbirdə, həmçinin filologiya elmləri doktoru Əlizadə Əsgərlinin “Ədəbiyyat tarixi və nəzəriyyəsi fonunda nəzəri estetik fikrin təkamülü”, filologiya elmləri doktoru Cavanşir Yusiflinin “Yaşar Qarayev: bədii mətnin ədəbiyyatşünaslıq mətninə çevrilməsi”, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlının “Yaşar Qarayev və riyazi ədəbiyyatşünaslıq”, filologiya üzrə fəlsəfə doktoru Aynurə Mustafayevanın “Yaşar Qarayev dramaturgiya haqqında” məruzələri dinlənilib.

    Daha sonra görkəmli alimin həyat və yaradıclığından bəhs edən videoçarx nümayiş etdirilib.

    Sonda alimin ailəsi adından çıxış edən Yalçın Qarayev atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər