Birinci Türkoloji Qurultayda ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid məsələsi, türk xalqlarının tarixi-etnoqrafik və linqvistik problemlərinin həlli, eləcə də keçmiş SSRİ ərazisində yaşayan bütün türkdilli xalqların mədəni və elmi inkişaf perspektivləri müəyyənləşdirilib. Məhz bu səbəbdən Qurultay tarixə bəzən “Əlifba Qurultayı” kimi də daxil olub.
Bu fikirləri AMEA-da keçirilmiş “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda iştirak edən Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının (ASSA) prezidenti, professor Ahmet Nuri Yurdusev səsləndirib.
ASSA prezidenti qeyd edib ki, 17 iclası baş tutan Birinci Türkoloji Qurultayın əsas müzakirə mövzuları ədəbi dil, tədris metodikası və xüsusilə əlifba məsələsi olub.
Professor Ahmet Nuri Yurdusev vurğulayıb ki, Qurultay türkdilli xalqların həyatında müstəsna rol oynayıb, onların tarixinin, etnoqrafiyasının, ədəbiyyatının və incəsənətinin elmi cəhətdən dərindən öyrənilməsi və inkişaf etdirilməsi üçün yeni üfüqlər açıb. Alimin sözlərinə görə, Birinci Türkoloji Qurultay dünya mədəniyyəti tarixində türk xalqlarının da payının böyük olduğunu bir daha sübuta yetirib.