Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının Filippinin paytaxtı Manila şəhərində keçirilmiş Baş Assambleyasının iclasında ölkəmizin elmi qurumunu təmsil edib.
Asiya Elmlər Akademiyasının Baş Assambleyasının iclasını bu təşkilatın Nizamnaməsinə əsasən tədbirin keçirdiyi ölkənin – Filippin Elm və Texnologiya Akademiyasının prezidenti professor Jaime Montoya açıb. Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının prezidenti professor Əhməd Nuri Yurdusev rəhbərlik etdiyi 34 ölkənin Elmlər Akademiyalarını əhatə edən elmi qurumun üç illik fəaliyyətinə dair geniş hesabat məruzəsi ilə çıxış edib. Baş Assambleyanın plenar iclasında Cənubi Koreya Elm və Texnologiya Akademiyasının prezidenti professor Dohan Kim, Sinqapur Milli Universitetinin Elmi Tədqiqat Mərkəzinin direktoru professor B.Çovdari, Tokio Universiteti Araşdırma İnstitutunun direktoru Kenji Satake, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli çıxış edərək Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının fəaliyyətindən və qarşıda duran vəzifələrdən bəhs ediblər.
Baş Assambleya çərçivəsində “Elmdə rəqəmsal transformasiyalar və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda Türkiyə, Azərbaycan, Rusiya, Yaponiya, Hindistan, Malayziya, Tailand, Nepal Elmlər Akademiyaları və universitetlərinin rəhbərləri və tanınmış alimlərinin, Asiya İnkişaf Bankının və Asiya İnformasiya Agentliyinin nümayəndələrinin məzruzələri və çıxışları dinlənilib.
Sonra Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının 2027-2030-cu illər üzrə rəhbər heyətinin seçkiləri keçirilib. Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının növbəti dövr üçün prezidentliyinə İndoneziya Akademiyası tərəfindən namizədliyi irəli sürülmüş professor Satryo Soemantri Brodjoneqoronun və Malayziya Elm və Teüxnologiya Akademiyasının prezidenti professor Rofina Yasmin Othmanın namizədliyi müzakirə olunub. Səsvermənin nəticələrinə görə İndoneziyanın Elm və təhsil naziri professor Satryo Soemantri Brodjoneqoro Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının prezidenti seçilib.
Bundan başqa, Baş Assambleyanın iclasında həmçinin Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının vitse-prezidenti və altı nəfərdən ibarət İdarə Heyətinin üzvləri də seçiliblər.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Filippin və Yeni Zelandiya Elm və Texnologiya Akademiyalarının prezidentləri ilə görüşüb, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib.
Baş Assambleyanın iclasında Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının iclaslarından birinin Azərbaycan Milli Elmlər Akademiyasında keçirilməsi qərara alınıb.