AMEA-nın Humanitar Elmlər Bölməsi hesabat verib

AMEA-nın Humanitar Elmlər Bölməsi hesabat verib
  • Cəmiyyət

  • AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında Humanitar Elmlər Bölməsinin (HEB) 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib.

    Bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədxanlı hesabatı təqdim edərək bildirib ki, sürətli sosial-iqtisadi inkişaf yolunda olan Azərbaycanda 2025-ci il humanitar elm sahələri üçün olduqca mühüm nailiyyətlətlə yadda qalıb. Azərbaycan Republikası Prezidentinin xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, dilinin, ədəbiyyatının, mədəniyyətinin müasir dövrün tələbləri baxımından daha da araşdırılması və təbliği istiqamətindəki müvafiq Fərman və Sərəncamları, eləcə də Dövlət Proqramları 2025-ci ildə humanitar elm sahələrində aparılan əsas konseptual fəaliyyət proqramı kimi qəbul edilib.

    2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” olduğunu xatırladan məruzəçi bununla əlaqədar fəaliyyət planına əsasən elmi müəssisələr tərəfindən “Azərbaycan incəsənətində Konstitusiya və Suverenlik”, “Milli dövlətçilik və folklor”, “Azərbaycan dövlətçiliyi klassik qaynaqlarda”, “Konstitusiyamız və Suverenliyimiz” adlı tədbirlərin keçirildiyini, sərgilərin təşkil edildiyini söyləyib.

    Ölkə başçısının “AMEA-nın 80 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının elmi ictimaiyyət üçün böyük əhəmiyyət kəsb etdiyini deyən məruzəçi bildirib ki, AMEA-nın digər elmi müəssisələri ilə yanaşı, Bölmənin alim və işçi kollektivi də yubiley tədbirlərinin keçirilməsində yaxından iştirak edib.

    Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubiley tədbirindəki parlaq nitqində, eləcə də yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycan dilinin saflığının qorunması istiqamətində humanitar elmlər sahəsində çalışan alimlərin üzərinə ciddi vəzifələr qoyub. Bu məqsədlə AMEA-nın Rəyasət Heyətində Humanitar Elmlər Bölməsinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Akademiyanın 80 illik yubiley tədbirindəki nitqində Azərbaycan dili ilə əlaqədar qarşıya qoyduğu tələblər və AMEA-nın vəzifələri” mövzusunda yığıncaqda alimlərin məruzələri, rəy və təklifləri dinlənilib. Bundan başqa, Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi İnkişaf Strategiyası: mövcud vəziyyət və perspektivlər” mövzusundakı tədbirdə, eləcə də Azərbaycan Yazıçılar Birliyində təşkil olunan “Dilimiz – kimliyimiz” mövzusunda müşavirədə AMEA-nın bir sıra alimi iştirak edərək Akademiyanın dövlət dili siyasətinə elmin dəstəyi, normativ bazanın elmi əsaslarla hazırlanması və dövrün çağırışlarına uyğun yenilənməsi, Azərbaycan toponimlərinin qorunması ilə bağlı fikirlərini bildiriblər. Bölmənin alimləri mütəmadi olaraq dilimizin qorunması ilə bağlı Televiziya kanallarına müsahibələr verib, dövri mətbuatda məqalələr dərc etdiriblər.

    Vurğulanıb ki, dövlət başçısının “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələr Bölmənin 2026-cı il üzrə fəaliyyətində əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Bu məqsədlə AMEA tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Bölmənin elmi müəssisələrinə tapşırıqlar verilib. Alimlərimiz KİV-lərdə mütəmadi olaraq çıxış edərək türk xalqının ana dili tarixində mühüm hadisə olan Türkoloji Qurultayın əhəmiyyətini təbliğ ediblər.

    Ölkə Prezidentinin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında”, “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında”, “Seyid Əzim Şirvaninin 190 illik yubileyinin qeyd edilməsi haqqında”, “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” , “Fikrət Qocanın 90  illiyinin qeyd edilməsi haqqında”, “Yusif Səmədoğlunun 90  illiyinin qeyd edilməsi haqqında” Sərəncamlarına əsasən Bölmədə həyata keçirilmiş tədbirlər diqqətə çatdırılıb.

    Bölmənin elmi müəssisələrində iki dövlət proqramının müvafiq bəndlərinin icra olunduğunu deyən məruzəçi qeyd edib ki, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və dilçiliyin inkişafına dair Dövlət Proqramı”na əsasən Dilçilik İnstitutunda Qərbi Azərbaycan dialektləri lüğəti hazırlanır. Əlyazmalar İnstitutunda əlyazmaların elektronlaşdırılması işi 10 ildən artıqdır uğurla davam etdirilir. Eyni zamanda, Prezident İlham Əliyevin “Azərbaycan Republikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası HEB-in elmi müəssisələri tərəfindən məsuliyyətlə icra olunur.

    Elmi katib Bölmə müəssisələrində Qarabağ və Şərqi Zəngəzur mövzusuna xüsusi diqqət yetirildiyini söyləyib, Qeyd edib ki, bununla əlaqədar Dilçilik İnstitutunun Toponimika şöbəsində “Qarabağ və Şərqi Zəngəzur” toponimlərinin izahlı lüğəti” ikicildliyi nəşrə hazırlanır. Bölmənin digər elmi müəssisələri tərəfindən mövzu ilə bağlı 2025-ci ildə 10 kitab nəşr olunub.

    Uzun illərdir ki, bölmənin elmi müəssisələrində İraqda yaşayan türkmanların dili, ədəbiyyatı, folkloru, musiqisi ilə bağlı aşdırmaların aparıldığını vurğulayan alim bildirib ki, bu istiqamətdə görülən işlər bölmənin ən uğurlu nəticələri sırasındadır.

    Diqqətə çatdırılıb ki, hesabat ilində HEB-in 5 iclası və 2 Ümumi yığıncağı keçirilib, iclaslarda 139 məsələyə baxılıb. 2025-ci ildə Bölmə müəssisələrində 6 elmi istiqamət üzrə, 34 problemi əhatə edən 72 mövzu, 483 elmi tədqiqat işi yerinə yetirilib. 72 mövzunun 35-i, 483 işin 319-u tamamlanıb.

    Qeyd olunub ki, HEB-in 5 elmi tədqiqat müəssisəsi tərəfindən 15 mühüm elmi nəticə əldə edilib. Eləcə də AMEA-nın tabeliyində olmayan humanitar yönümlü müəssisələr 2025-ci ildəki mühüm nəticələri təqdim ediblər. Elm və Təhsil Nazirliyinin 16, Mədəniyyət Nazirliyinin 7 mühüm nəticəsi hesabata daxil edilib. Bundan başqa, Qarabağ Universitetinin də mühüm nəticəsi Bölməyə təqdim olunub.

    Bölmənin nəşriyyat fəaliyyətindən də bəhs edilərək bildirilib ki, 2025-ci ildə elmi-tədqiqat müəssisələrində 180 kitab (2-si xaricdə), 95 monoqrafiya (15-i xaricdə), 2155 məqalə və tezis (366-sı xaricdə) çap olunub. İmpakt faktorlu jurnallarda əməkdaşların 10 məqaləsi işıq üzü görüb. HEB-in alimlərinin elmi əsərlərinə olan istinadların ümumi sayı 1062-dir. Həmçinin elmi jurnallarda dərc olunan 958 məqaləyə DOI (Rəqəmsal Obyekt İdentifikatoru) identifikatoru verilib. Eyni zamanda, Bölmə əməkdaşları tərəfindən hesabat ilində 12 dərslik və 1 dərs vəsaiti nəşr edilib. Elmi müəssisələrdə 12 elmi jurnalın müvafiq nömrələri dərc olunur.

    2025-ci ildə Bölmənin elmi tədqiqat müəssisələrində çalışan əməkdaşlardan 534-ü elmi işçidir. Elmi işçilərin 95-i elmlər doktoru, 270-i fəlsəfə doktorudur. Bundan başqa, 2025-ci ildə Bölmənin elmi müəssisələrində fəlsəfə doktoru hazırlığı üzrə 122 doktorant və dissertant, elmlər doktoru hazırlığı üzrə 108 doktorant və dissertant təhsil alıb. Tədqiqatçılardan 34 nəfər fəlsəfə, 12 nəfər elmlər doktorluğu üzrə dissertasiya işi müdafiə edib.

    Ölkə Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” və Prezidentin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”na uyğun olaraq Bölmənin elmi müəssisələrində rəqəmsallaşmanın və süni intellektin elmi və idarəetmə sistemlərinə inteqrasiyası istiqamətində görülən işlər də diqqətə çatdırılıb.

    Bildirilib ki, hesabat ilində elmi-tədqiqat müəssisələri ilə beynəlxalq qurumlar arasında 9 sənəd imzalanmışdır ki, onun da 7-si türkdilli dövlətlərin akademik qurumları ilə bağlanıb.

    Həmçinin Bölmənin kadr potensialı və kadr hazırlığı, elmin populyarlaşdırılması istiqamətində atılan addımlar, təltiflər və s. barədə məlumatları təqdim edilib.

    Müzakirələrdən sonra AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Humanitar Elmlər Bölməsinin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib və bölməyə müvafiq tapşırıqlar verilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər