AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında Şəki Regional Elmi Mərkəzinin (ŞREM) 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib.
Hesabatı Mərkəzin direktoru fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü təqdim edərək bildirib ki, hesabat ilində Şəki REM-də 6 yeni prioritet istiqamətdə, 11 mövzu üzrə 19 elmi-tədqiqat işi yerinə yetirilib, 25 mühüm nəticə əldə olunub.
Y.Şükürlü çıxışında “Konstitusiya və Suverenlik ili”, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”, eləcə də “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında”, “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında”, “Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında”, “Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında”, “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” ölkə başçısının sərəncamlarından irəli gələrək Mərkəzdə görülmüş işləri diqqətə çatdırıb.
Məruzəçi qeyd edib ki, Mərkəz əməkdaşlarının hesabat dövründə 11-i xaricdə olmaqla 24 məqaləsi, 12-si xaricdə olmaqla 30 tezisi çap olunub. İşıq üzü görmüş məqalələrin 5-i Web of Science və Scopus bazalarında dərc edilib. 2025-ci ildə AMEA-nın Şəki REM-də “Şəki gülüşü və Qabrovo yumoru”, “Bəxtiyar Vahabzadənin Sovet dövrü əsərlərində mətnaltı semantika” və s. olmaqla, ümumilikdə 4 kitab çap olunub.
Alim Mərkəzin əməkdaşları tərəfindən Şəki ədəbi mühitinin öyrənilməsi, Şəki və Qabrova lətifələrinin müqayisəli şəkildə araşdırılması, Şəki rayonunda yayılmış yabanı dərman bitkilərin tədqiqi, Qəbələ və Zaqatala rayonlarında tarixi əlyazmaların təhlili və s. istiqamətlərdə tədqiqatlar aparılaraq mühüm nəticələr əldə olunduğunu söyləyib.
Həmçinin bildirib ki, Özbəkistan Respublikasından gətirilmiş 8 tut ipəkqurdu cinsi üzərində yerinə yetirilən tədqiqatlar göstərmişdir ki, yaş baramanın ipəkliliyi Qulşan, Nafis, Yulduz, Asaka və Marvarid cinslərində 20,0-22,9 % olmuşdur. Yaş baramanın ipəkliliyi 2024-cü ilə nisbətən 2025-ci ildə Orzu, Quzal, Marxamat cinslərində 1,3% yüksək olmuşdur.
Yusif Şükürlü, həmçinin 2025-ci ilin tədqiqat planına uyğun olaraq Oğuz rayonunun bir neçə kəndlərinə ekspedisiyalar təşkil olunduğunu, xalq seleksiyasına aid tumlu, çəyirdəkli və qərzəkli meyvə nümunələrinin götürülərək Şəki REM-in təcrübə sahəsində calaqaltıya calaq edildiyini və hər bir nümunənin biomorfoloji göstəricilərinin təyin edildiyini vurğulayıb. Bundan əlavə, Şəki REM-də arxeoloji qazıntılar üçün Baş Şabalıd və Baş Küngüt kəndi ərazisinə ekspedisiyanın təşkil edildiyini və antik dövrə aid bir neçə torpaq, küp, erkən orta əsrlərə aid xristian daş qutu qəbirin aşkar edilərək tədqiqata cəlb olunduğunu deyib. Həmçinin Balakən, Zaqatala və Şəki rayonunun ucqar dağ bölgələrinə ekoturizmin qiymətləndirilməsi, çay yataqlarının monitorinqi məqsədi ilə ekspedisiyaların təşkil edildiyini diqqətə çatdırıb.
Alim, eyni zamanda Mərkəzin kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, beynəlxalq əməkdaşlıq, təltiflər, elektron elmin vəziyyəti barədə məlumatları təqdim edib.
Daha sonra müzakirələr aparılıb, AMEA Rəyasət Heyətinin qərarı ilə Şəki Regional Elmi Mərkəzinin hesabatı təsdiq edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.

