Abşeron Rayon Polis İdarəsinin əməkdaşları ev şəraitində müalicə alan koronavirus xəstəsi - Saray qəsəbəsində yaşayan Emin Cəfərquliyevi saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, araşdırma zamanı COVID-19 virusunun aktiv daşıyıcısı olan bu şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı bir neçə dəfə tərk etdiyi müəyyənləşdirilib. Polis əməkdaşları Emin Cəfərquliyevi evindən kənarda olan zaman ictimai yerdə müəyyənləşdirərək onu müəyyənləşdirilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarıblar. Onun barəsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. E.Cəfərquliyev barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.
Daha bir tədbir Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Xətai rayonu Ə.Quliyev küçəsində qeydiyyatda olan aktiv koronavirus xəstəsi Zaur Əsədova həkimlər tərəfindən ev şəraitində müalicə təyin edilsə də o, qaydaları pozaraq ictimaiyyət arasına çıxıb. Bununla da Z.Əsədov virusun daha çox yayılmasına şərait yaratdığı üçün polislər tərəfindən saxlanılıb. Z.Əsədovun polisin dəfələrlə xəbərdarlığına baxmayaraq yaşayış yerini tərk etməsi müşahidə kameraları vasitəsilə də lentə alınıb.
Onun barəsində Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.