
Ulu Öndər Heydər Əliyev öz natiqlik bacarığı ilə Azərbaycan dilini yaşadırdı. Azərbaycanda məhz siyasi natiqliyin formalaşmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu Öndərin nitqi öz səmimiliyi, zənginliyi, orijinallığı ilə dünyanın siyasi xadimlərinin nitqləri ilə müqayisə oluna bilər.
Görkəmli dövlət xadimi Heydər Əliyev çıxışlarında şifahi nitqə üstünlük verib, yazılı məruzə və ya çıxışlardan, demək olar ki, imtina edirdi. Ümummilli liderin çıxış etdiyi auditoriyalar öz zənginliyi ilə seçilirdi. O, həm də əzəmətli görkəmi, baxışı, səsi ilə auditoriyanın diqqətini özünə çəkə bilirdi. Böyük natiq auditoriya ilə ünsiyyətə girir, sual verib, cavab alırdı.
Dahi şəxsiyyətin nitqindəki sistemlilik, ardıcıllıq və məntiqilik bütün çıxışlarında özünü göstərirdi. Heydər Əliyev çıxış edərkən bütün varlığı və inamı ilə danışırdı. Xalq danışıq dilindən gələn ifadələri məharətlə işlədirdi.
Ana dilini ürəkdən sevən, bu dildə danışmağı ilə fəxr edən Ümummilli lider bənzərsiz nitqlərində, dərin məzmunlu çıxışlarında dilimizin rəngarəng ifadə vasitələrindən ustalıqla istifadə edirdi. Ümummilli lider Heydər Əliyevin natiqlik məharətini ana dilini gözəl bilməsi, bu dildən mənəvi zövq alması şərtləndirir. Heydər Əliyev Azərbaycan dilinin bütün sahələrdə yayılması ilə bağlı ciddi işlər görüb.
XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dilinin keşiyində durmaq Heydər Əliyevin həyat fəaliyyətinə çevrilmişdi.
Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən zaman-zaman istifadə olunacaqdır.
Aida Məmiyeva,
Masallı rayon Viləş kənd sakini