Azərbaycan Respublikasının əhalisinin gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir.
Azərbaycan dili İran İslam Respublikasında yaşayan 50 milyona yaxın azərbaycanlının ana dilidir. Bu dildən vaxtilə İraqa köçmüş 200 minə yaxın insan da ana dili kimi istifadə edir. Onlar özlərini kərkük və ya türkman adlandırır və əksəriyyəti Kərkük vilayətində yaşayır. Dünyanın hər yerində bir neçə milyon azərbaycanlı yaşayır. Bir neçə yüzilliklər ərzində müxtəlif ölkələrin sakinləri olmalarına baxmayaraq, bu gün də hansı ölkədə yaşamalarından asılı olmayaraq, azərbaycanlılar bir-birilərini sərbəst anlayırlar. Beləliklə, yer üzündə hazırda Azərbaycan dilində danışan 70 milyona yaxın adam yaşayır.
Azərbaycan dili geneoloji təsnifata görə türk dillərindən biri olub, həmin dil ailəsinin oğuz qrupuna daxildir.
Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ) dillər qrupuna daxildir. Bu qrupa daxil olan bütün dillər kimi, Azərbaycan dilində də insirafi (flektiv) dillərdən fərqli olaraq bütün söz kökləri özümlü leksik və qrammatik mənası olan müstəqil sözlərdir; qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və kökdən sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə olunur.
Azərbaycan dilinin və həmin dildə danışan xalqın yaranması, başqa sözlə, bu dilin ümumi ünsiyyət vasitəsinə çevrilməsi uzun sürən, bir neçə əsr davam edən bir proses olmuşdur.
Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim ədəbi dillərdən biridir. "Kitabi-Dədə Qorqud" dastanlarının dili ədəbi dilimizin şifahi növü kimi qəbul edilərsə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşı 1300 ildən çox sayıla bilər. Azərbaycan yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olan materiallara görə XIII əsrdən başlayır.
Azərbaycan ədəbi dili öz 800 ilə yaxın inkişafı müddətində iki böyük dövrü əhatə edir. Əski dövr adlandırılan birinci dövr XIII əsrdən XVIII, yeni adlandırıla bilən ikinci dövr isə XVIII əsrdən yaşadığımız günlərə qədər olan bir dövrü əhatə edir.
Birinci dövr Azərbaycan ədəbi dilinin xidmət göstərdiyi areal öz iriliyi ilə fəqlənir. Həmin dövrün Cəlayirlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi Azərbaycan dövlətlərinin saray və ordu dili olan bu dil bütün Ön Asiyada ədəbi dil kimi xidmət etmişdir. Bu dövr Azərbaycan ədəbi dili yeni dövr Azərbaycan dilindən öz dilxarici (ekstralinqvistik) xüsusiyyəti ilə yanaşı dildaxili (linqvistik) özümlükləri ilə də seçilir.
Birinci dövr Azərbaycan dili öz inkişafında iki mərhələdən keçmişdir:
1) Ədəbi dilin təşəkkül mərhələsi (XIII-XIV əsrlər),
2) Klassik şeir dili mərhələsi (XV-XVII əsrlər).
İkinci dövr Azərbaycan dili isə üç mərhələni əhatə edir:
1) Ədəbi dilin xəlqiləşməsi mərhələsi (XVIII əsr),
2) Milli dilin yaranması və inkişafı mərhələsi (XIX-XX əsrin əvvəli),
3) Müasir mərhələ (XX-XXI əsrin əvvəli).
Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir.
İşləndiyi sahələrlə bağlı olaraq, Azərbaycan ədəbi dili dörd əsas üslubu özündə birləşdirir: işgüzar, mətbuat, bədii, elmi üslublar. Azərbaycan ədəbi dilinin müasir mərhələsində bu üslubların hamısı yüksək dərəcədə inkişaf etmişdir.
Ölkənin siyasi, iqtisadi, elmi, mədəni həyatında baş verən böyük dəyişikliklər müasir Azərbaycan dilinin lüğət tərkibində terminlərin sürətlə artmasına səbəb olmuşdur. Bu proses ədəbi dilin bütün üslublarında, özəlliklə, işgüzar və elmi üslublarda, müəyyən dərəcədə mətbuat üslubunda aydın müşahidə olunur.
Azərbaycan dilinin dialekt və şivələri dörd qrupdan ibarətdir: 1) şərq qrupu (Bakı, Quba, Şamaxı dialektləri və Lənkəran, Muğan şivələri); 2) qərb qrupu (Gəncə, Qazax, Qarabağ dialektləri və Ayrım şivəsi); 3) şimal qrupu (Şəki dialekti, Zaqatala-Qax şivəsi); 4) cənub qrupu (Naxçıvan, Ordubad dialektləri.
Azərbaycanda sovet hakimiyyəti yaradıldıqdan sonra, yalnız 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1937-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə əlavə edilsə də, bu qərar uğurlu olmayıb. Nəhayət, respublikanın 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə daxil edilib.
Azərbaycan dili dövlət dili kimi Azərbaycan SSR Konstitusiyasında (1978) təsbit olunmuşdur.
Müstəqil Azərbaycan Respublikasının ümumxalq referendumunda qəbul edilmiş (1995) yeni Konstitusiyasında dövlət dilinin məhz Azərbaycan dili kimi yer alması Heydər Əliyevin adı ilə bağlıdır.
2001-ci ilin iyunun 18-də Ulu Öndər Heydər Əliyev ―Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında daha bir fərman imzaladı və bu tarixi sənəd dilimizin inkişafı sahəsində mühüm rol oynadı. Həmin sənəddə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması da nəzərdə tutulurdu. Onun əsas məqsədi – ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha səmərəli şəkildə nəzarət etmək və bu prosesi daha da sürətləndirmək idi.
Ötən əsrlərin min bir kataklizmlərindən üzüağ çıxan, xalqımızın və milli mədəniyyətimizin əbədiyaşarlığını təmin edən ana dilimiz müasir dövrdə də, çox təəssüf ki, müəyyən sıxıntılarla üzləşməkdə, çətinliklərlə qarşılaşmaqdadır. Bu, yaşadığımız qloballaşma dövrünün təzadlı təsirləri ilə bağlıdır.
Cəmiyyətin nitq mədəniyyəti milli dilə münasibət ilə müəyyən olunur. Öz növbəsində, milli dilin vəziyyəti (səviyyəsi) bütövlükdə millətin inkişaf səviyyəsini əks etdirir. Dilə, nitq mədəniyyətinə olan xarici təsirlərə bir sıra inkişaf etmiş ölkələrdə necə qısqanclıqla yanaşıldığını yaxşı bilirik.
Dil cəmiyyətin varlığı, onun təşəkkülü və inkişafı üçün çox zəruri olan bir vasitədir. Cəmiyyətdə dilin başlıca rolu onun əsas ünsiyyət vasitəsi olmasıdır. Dil fikrin ifadə aləti kimi təzahür etdiyinə görə beyinin fəaliyyəti ilə bağlı olan təfəkkürlə sıx əlaqədədir. Dil ilə təfəkkür eyni vaxtda və eyni mənbədən yarandıqları üçün vəhdət təşkil edir. Lakin çox oxşar cəhətlərin olmasına baxmayaraq, dil ilə təfəkkür heç də eyniyyət yaratmır. Bunların hər birinin özünəməxsus cəhətləri vardır. Bu fərqlərin ən başlıcası odur ki, dil lüğəvi və qrammatik vasitələrdən istifadə edir. Lakin təfəkkür üçün istifadə mənbəyi sözlər və cümlələr deyil, məfhumlar və hökmlərdir.
Dilin başlıca səciyyəvi əlaməti ondan ibarətdir ki, o bir neçə ilin, yaxud müəyyən bir dövrün məhsulu olmayıb, bir çox əsrlər boyu yaranır və inkişaf prosesi keçirərək get-gedə formalaşır, zənginləşir. Həmçinin, dil yarandığı zamandan etibarən xidmət etdiyi cəmiyyət üzvləri arasında heç bir fərq qoymadan bütün üzvlər üçün eyni dərəcədə ünsiyyət vasitəsi olur. Buna görə də dil ictimai xarakterə malikdir.
Dil xalqın tarixi ilə üzvi surətdə əlaqədar olub, çünki dil ancaq cəmiyyət daxilində təşəkkül tapır. Dili yaradan xalqdır. Elə buna görə də dilin taleyi onu yaradan xalqın taleyi ilə bağlı olur.
Ulu Öndər Heydər Əliyev demişdir: - “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir.“
Əfrail Əlifağa,
AJB üzvü.