
Azərbaycan xalqının tarixinə əbədi həkk olunmuş dahi şəxsiyyətlərdən biri də Ulu Öndər Heydər Əliyevdir. Onun xilaskarlıq missiyası yalnız bir siyasi liderin fəaliyyəti ilə ölçülməz – bu, bütöv bir xalqın taleyinin dəyişməsi, dövlətçiliyimizin qorunması və müstəqil Azərbaycanın möhkəmləndirilməsi deməkdir. XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti Heydər Əliyevin siyasi portreti Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış müdrik idarəçilik məktəbinin canlı təcəssümüdür. Tarixşünaslıq ulu öndər Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bugününü, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini öyrənir.
Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Ölkənin çətin bir dövründə Ulu öndər Azərbaycan xalqının və dövlətinin xilas missiyasına Naxçıvandan başladı. Ulu öndərin 1990-cı ilin ortalarında, Naxçıvanın çətin vaxtlarında bura qayıtması bu qədim Azərbaycan torpağını təhlükələrdən sovuşdurdu. Ən əsası, bu qayıdışla Azərbaycanda müstəqillik uğrunda mübarizə özünün yeni mərhələsinə qədəm qoydu.
1990-cı illərin əvvəllərində Azərbaycan böyük bir siyasi və sosial böhran içində idi. Dövlət idarəçiliyində xaos hökm sürür, iqtisadi vəziyyət kəskin pisləşir, ölkə vətəndaş müharibəsi astanasında dayanmışdı. Belə bir dövrdə xalqın ümidi yalnız bir şəxsə – Heydər Əliyevə yönəldi. Onun 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycanın xilası oldu. Bu dönüş nöqtəsi Azərbaycanın parçalanmasının və məhv olmasının qarşısını aldı.
Heydər Əliyev ölkədə sabitlik və təhlükəsizliyi bərpa etməyə nail oldu. Dövlət idarəetməsində prinsipial islahatlar həyata keçirildi, hüquqi dövlət quruculuğu prosesi başladı, iqtisadiyyat tənəzzüldən çıxarılaraq inkişaf yoluna yönəldildi. Onun uzaqgörən siyasəti nəticəsində "Əsrin müqaviləsi" kimi beynəlxalq layihələr reallaşdı və bu, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırdı.Ən başlıcası, Ulu Öndər xalqla dövlət arasında etimadı bərpa etdi. O, xalqın arxasında güclü bir lider, dövlətin isə başında ağıllı bir strateq olduğunu sübut etdi. Müstəqil Azərbaycan Respublikasının banisi olan Heydər Əliyev, həm də onun sabitliyinin və davamlı inkişafının əsasını qoydu.
Bu gün müasir Azərbaycanın əldə etdiyi nailiyyətlər, milli maraqlara əsaslanan siyasət və güclü dövlətçilik məhz Heydər Əliyevin qoyduğu möhkəm təməllər üzərində inşa olunub. Onun xilaskarlıq missiyası yalnız keçmişin deyil, həm də bu günümüzün və gələcəyimizin təminatçısıdır.
Bəli, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını daha da artırmışdır. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirib və onun ətrafında daha sıx birləşib.
Həmid Cəbiyev,
Masallı Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşı