
Laçın rayonu 30 il işğal altında idi və bu işğal dövründə rayonun, demək olar ki, bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmişdir, ətraf mühitə böyük ziyan vurulmuşdur. Bütövlükdə bizim meşə fondumuzun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. Onun da böyük hissəsi Laçın rayonunda olan meşə fondudur.Şuşanın işğalından bir neçə gün sonra Laçın rayonu da işğal edilmişdir. Bu, ölkəmiz üçün böyük faciə idi, laçınlılar üçün böyük faciə idi və bu, AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti idi.
Dözdük 30 il dözdük nəhayət biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. Laçının bir neçə kəndi döyüş meydanında azad edilmişdir. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır. Vaxtilə “Qarabağ Ermənistandır” deyən Ermənistan rəhbərliyi öz məğlubiyyətini qəbul etməyə məcbur oldu və 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktı Ermənistan tərəfindən imzalandı. Bu, bizim böyük tarixi Zəfərimizdir.
2025-ci ildə Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevin Laçına səfəri və sakinlərlə birlikdə olması, məhz bu torpağın sahiblərinin yenidən tarixə qayıdışını simvolizə edir. Bu görüş, 30 illik ayrılığın sonunda doğma yurda dönən xalqla dövlətin əl-ələ verdiyi birliyini göstərdi.
28 May 2025-ci ildə Prezident İlham Əliyevin Laçın şəhərindəki çıxışı, Azərbaycanın müstəqillik tarixində və ərazi bütövlüyünün bərpası prosesində mühüm bir mərhələni əks etdirir. Bu gün həm Müstəqillik Günü, həm də Laçın Beynəlxalq Hava Limanının açılışı ilə əlamətdar olmuşdur.Bu çıxış, həm də Laçının 30 illik işğaldan sonra yenidən qurulması və sakinlərinin doğma torpaqlarına qayıdışı fonunda baş tutdu.Prezident İlham Əliyev, Laçın şəhərində keçirilən tədbirdə şəhərin sürətli bərpası və sakinlərin geri dönüşü ilə bağlı məlumat verdi. O, qeyd etdi ki, Laçın şəhəri 30 ilə yaxın müddətdə işğal altında qaldıqdan sonra tamamilə yenidən qurulub və artıq sakinlər doğma yurdlarına qayıdıblar. Möhtərəm Prezidentin sözlərinə görə, bu, Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün bərpasının bariz nümunəsidir.
Möhtərəm Prezident ,Ali Baş komandan Laçının 2025-ci il üçün MDB-nin mədəniyyət paytaxtı elan edilməsinin əhəmiyyətini də vurğuladı. Möhtərəm Prezident bildirdi ki,bu qərar Laçının və ümumilikdə Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Laçının mədəniyyət paytaxtı elan edilməsi, şəhərin bərpası və inkişafı üçün yeni imkanlar yaradır və yaradacaq.Prezident İlham Əliyevin 28 May 2025-ci ildə Laçında etdiyi çıxış, Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün bərpasının təntənəsi kimi qiymətləndirilə bilər,həm də Laçının sürətli bərpası və sakinlərin doğma yurdlarına qayıdışının əhəmiyyətini bir daha vurğulayır. Butün bunlar Azərbaycanın güclü və müstəqil dövlət kimi inkişafının bariz nümunəsidir.
Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandanımız!
Əntiqə Tağıyeva,
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru