Komitə sədri Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Komitə sədri Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib
  • Cəmiyyət

  • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 30-da Səmərqənddə “Maturidilik - tolerantlıq, mötədillik və maarifçilik təlimi” mövzusuna həsr olunmuş beynəlxalq konfransın açılış mərasimində çıxış edib.

    Dünyanın bir çox ölkələrindən dövlət rəsmiləri, dini qurumların rəhbərləri, elm və ictimaiyyət nümayəndələri, din xadimlərinin qatıldığı konfransın açılış məraisiminə Özbəkistanın Elmlər Akademiyasının vitse prezidenti Bahrom Abduhalimovun moderatorluq edib.  Açılış mərasimində Misir Ərəb Respublikasının Vəqf işləri naziri Şeyx Usama Al-Azhari, Dini İşlər Komitəsinin sədri Sodik Toşboyev, Müsəlman Ağsaqqallar Şurasının baş katibi Mohamed Abdulsalam, Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Şeyx Nuriddin Kholiqnazar, ICESCO-nun baş direktorunun müavini Abdelilah Benarafa, Türkiyə Diyanət İşləri İdarəsinin sədr müavini Kadir Dinç çıxış ediblər. Konfransda Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakçılara müraciəti səsləndirilib.

    Komitə sədri çıxışında inkişaf edən qlobal mədəni mənzərə ilə birlikdə yeni çağırışların və təhdidlərin yaranması fonunda davamlı sülh və təhlükəsizliyin əsas təməlləri kimi birgəyaşayışı təşviq etmək, habelə tolerantlıq, həmrəylik və multikulturalizm dəyərlərini dəstəkləməyin zəruri olduğunu vurğulayıb. Ramin Məmmədov bildirib ki, milli-mənəvi dəyərlərin qorunmasına, eləcə də İslamın özünəməxsus mahiyyətini və müasir dövrdəki əhəmiyyətini gələcək nəsillərə düzgün şəkildə çatdırmağa yönəlmiş təşəbbüslər, həm milli irsə, həm də geniş elmi diskurslara mühüm töhfə verir. İmanın və ağlın qarşılıqlı əlaqəsini rasional İslam düşüncəsi çərçivəsində obyektiv şəkildə təhlil etmək, təkcə İslamın zəngin irsini daha dərindən anlamağa deyil, həm də dinə yönəlmiş yanlış təsəvvürlərin və əsassız tənqidlərin aradan qaldırılmasına müsbət təsir göstərir.

    Özbəkistan və Azərbaycanın Türk Dövlətləri Təşkilatı vasitəsilə ortaq irsini və dəyərlərini qoruyub saxladığını deyən Komitə sədri hər iki ölkənin sülh, sabitlik və ekstremizmlə mübarizədə birgə səylər göstərdiyini bildirib.

    Ramin Məmmədov, eyni zamanda bəşər tarixinə mühüm töhfələr vermiş və İslam sivilizasiyasının əsas tarixi və mədəni mərkəzlərindən biri kimi tanınan Azərbaycanın İslam dəyərlərinin qorunmasına xüsusi diqqət ayırdığını qeyd edib. Bildirib ki, ölkəmiz İslam dəyərlərinin təbliği və mədəniyyətlərarası dialoqun təşviqinə xidmət edən mühüm beynəlxalq təşəbbüslərlə çıxış edir. Bakıda keçirilən qlobal mədəniyyətlərarası dialoq forumları və Dini Liderlərin Qlobal sammiti kimi tədbirlər ölkəmizin tolerantlıq prinsiplərinə sadiqliyinin bariz nümunəsidir.

    Dövlət-din münasibətlərinin möhkəmləndirilməsi və milli-mənəvi dəyərlərin qorunması istiqamətində atılmış mühüm addımlardan biri kimi, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində yaradılmış Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti barədə məlumat verən Komitə sədri  bu institutun, İslam və digər dünya dinləri üzrə dərin biliklərə malik yüksəkixtisaslı ilahiyyatçıların hazırlanmasında mühüm rol oynadığını vurğulayıb. Dövlət Komitəsinin sədri konfransın İslamın həqiqi mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün vacib platforma olacağına, qlobal sülh və sabitliyin təşviqinə, dinlərarası dialoqun inkişafına töhfə verəcəyinə inamını ifadə edib.

    PAYLAŞ:

    Oxşar xəbərlər