
Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb və bayraq kimi müqəddəsdir. Ulu Öndər Heydər Əliyev Azərbaycan dili haqqında deyirdi: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.
XX əsrin ikinci yarısında Sovet İttifaqının tərkibində olan Azərbaycan bir çox sahələrdə olduğu kimi, dil məsələsində də müəyyən çətinliklərlə üzləşirdi. Sovetlər birliyində ümumi rus dili dominant bir mövqe tuturdu, bu da milli dillərin və mədəniyyətlərin zəifləməsinə səbəb olurdu. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 1930-cu illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. 1970-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. O vaxt Azərbaycanın rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini özünəməxsus prinsipiallıq, cəsarət və qətiyyətlə bildirmişdi.
Heydər Əliyev öz ana dilini bilməyənləri şikəst adam adlandırmaqla millətin bütövlüyünün milli dildən keçdiyini çatdırır. Bütün bu göstərilənlər uzun illər Azərbaycana rəhbərlik etmiş böyük dövlət adamının mübarizələrlə dolu həyatının əsas leytmotivini təşkil edir.
Ulu Öndər dil məsələsində mövqeyini hələ Azərbaycan Konstitusiyası hazırlanmazdan əvvəl, SSRİ Konstitusiyası barədə cəsarətlə söylədiyi fikirlərində bildirmişdi. Azərbaycanın rəhbəri SSRİ Konstitusiyası haqqında danışarkən xüsusi vurğulayırdı ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Belə mövqe, əslində, dil məsələsi ilə bağlı gözlənilən təhlükənin qarşısını almaq, çətin şəraitdə ana dilinin dövlət dili statusunu qorumaq məqsədı güdürdü.
Dil millətin varlığını müəyyənləşdirən amillərdən biridir, hər bir insan öz dilinin mühafizəkarı olmalıdır. Dilimizin inkişafı, qorunması və dünyada tanınması ilə bağlı Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini yada salmamaq olmaz. Ümummilli lider Heydər Əliyev: Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir.
Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsinə xüsusi önəm verən Ümummilli lider Azərbaycan dilinin adını özümüzə qaytarmışdır. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdü. Bu təkliflərin əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi, müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdı.
Ulu öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunu 2002-ci il 30 sentyabr tarixində qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.
Ulu Öndər Heydər Əliyev Azərbaycan dili haqqında dediyi kəlamlar tarixən yaşadılacaqdır: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”; “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”; “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir”. Bu kəlamlar Azərbaycan dövlətçiliyinə sevgidir, Azərbaycan dilinə sevgidir, azərbaycançılıq ideologiyasını yaşatma niyyətinin təzahürüdür.
Mehriban Əzizova,
Masallı şəhər sakini