Öz dilini sevməyən adam öz tarixini bilə bilməz

Öz dilini sevməyən adam öz tarixini bilə bilməz
  • Cəmiyyət

  • Milli varlığın inkişafında mühüm rol oynayan dil mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana dili hər bir xalqın, hər bir millətin mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür. Hər millətin inkişafında ən mühüm varlıq və yaşanma amili olan dilin müstəsna rolu vardır. Bu amillər nəzərə alınaraq hər bir xalq öz milli dilini qorumalı, inkişaf etdirməlidir. Dilin zaman-zaman hərtərəfli inkişaf etməsi və zənginləşib dolğunlaşması, tarixi şəxsiyyətlərin, qüdrətli dövlət başçılarının adı ilə də sıx bağlıdır. Ümummili lider Heydər Əliyev belə tarixi şəxsiyyətlərdəndir.

    Azərbaycan dili tarixən çətin və mürəkkəb dövrlərdən keçmiş, bəzən siyasi və ideoloji təzyiqlərlə üzləşmişdir. Azərbayan dövlətinin müxtəlif tarixi dövrlərdə bir sıra dövlətlərin müstəmləkəsinə çevrilməsi onun milli kimliyini, adət-ənənəsini və dilini qoruyub saxlayaraq yeni nəsillərə ötürməsi prosesində çox çətinliklər yaratmışdır. Çətinliklərə baxmayaraq xalqımız heç vaxt öz kökündən və dilindən uzaqlaşmamışdır. Sövet hakimiyyət illərində Azərbaycan dilinə edilən hücumlar və milli kimliyimizin ifadə vasitəsi olan ana dilimizin yox olma təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dilimiz nəinki qorunmuş, hətta yeni bir inkişaf mərhələsinə qədəm qoymuşdur.Sovet İttifaqının tərkibində olan digər respublikalar kimi Azərbaycan da rus dilinin hegemonluğu altında idi.

    Belə bir vaxtda, 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Ulu Öndər Heydər Əliyevin qətiyyətli mövqeyi sayəsində Azərbaycan dili rəsmi dövlət dili statusu qazanmışdır. Bu, o dövr üçün böyük tarixi qələbə idi. Çünki SSRİ-nin bəzi respublikalarında yerli dillərin rəsmi statusu təmin olunmamışdı. Azərbaycan dilində  millətimizin varlığı, onun tarixi keçmişi, mədəni və mənəvi dəyərləri yaşadılır. Ulu öndər Heydər Əliyev bu həqiqəti dərindən anlayır və bütün siyasi fəaliyyətini Azərbaycan dilinin qorunması və inkişafına yönəldirdi.

     Onun rəhbərliyi dövründə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) dilçilik sahəsində fundamental araşdırmalar aparılmış, yeni lüğətlər, qrammatika qaydaları və elmi əsərlər hazırlanmışdır. Ötən əsrin 70-ci illərində Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə AMEA-nın Dilçilik İnstitutu geniş fəaliyyətə başlamış, Azərbaycan dilinin tarixini, dialektlərini, lüğət tərkibini və qrammatik strukturunu öyrənən tədqiqatlar intensivləşmişdir. Ulu öndərin dəstəyi ilə 1970-1980-ci illərdə Azərbaycan dilçiliyi sahəsində mühüm əsərlər nəşr olunmuş, fundamental terminoloji lüğətlər hazırlanmışdır. Eyni zamanda Ulu öndərin rəhbərliyi ilə həmin illərdə həm də Azərbaycan Yazıçılar Birliyinin fəaliyyəti genişlənmiş, ədəbiyyatın inkişafına xüsusi diqqət yetirilmişdir.

    Ulu Öndər Heydər Əliyevin ana dilimizə diqqət və qayğısı müstəqil Azərbaycana rəhbərlik etdiyi bütün illərdə  davam etdi. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında dahi şəxsiyyətin bilavasitə rəhbərliyi altında Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycan dilinə yanaşması, onun işləkliyi yönündə həyata keçirdiyi tədbirlər dahi şəxsiyyətin tarixi missiyası idi. O, dilimizi yalnız keçmişin bir mirası kimi deyil, gələcəyin aparıcı qüvvəsi kimi qorudu və möhkəmləndirdi. Bu gün Heydər Əliyevin dil siyasətinin bəhrələrini hər yerdə görürük. Azərbaycan dili dövlətimizin bütün sahələrində istifadə olunur, beynəlxalq səviyyədə tanınır və müasir dövrün tələblərinə uyğun olaraq inkişaf edir. Ümummilli Lider gənc nəslin ana dilini düzgün, hərtərəfli və elmi əsaslar zəminində mənimsəməsini tövsiyə edərək demişdir: "Öz dilini sevməyən adam öz tarixini bilə bilməz. Ana dilini bilməyən gənc Nizamini oxuya bilməz. Füzulini oxuya bilməz. Cəlil Məmmədquluzadəni oxuya bilməz. Əgər onları oxuya bilməsə, o, tariximizi bilməyəcək, bizim mədəniyyətimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaq." 

    Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir. Gəlin sərvətimizi qoruyaq və gələcək nəsillərə təbliğ edək.

     



    Əntiqə Tağıyeva,
    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru


    PAYLAŞ:

    Oxşar xəbərlər