Dövlət Komitəsinin sədri Zaqatalada tələbənin evini ziyarət edib

Dövlət Komitəsinin sədri Zaqatalada tələbənin evini ziyarət edib
  • Cəmiyyət / Maraqlı

  • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu tərəfindən həyata keçirilən “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində Bakı İlahiyyat Kollecində təhsil alan tələbənin ailəsi Zaqatalada ziyarət edilib.

    Komitə sədri Ramin Məmmədov, Komitənin və tabeliyində fəaliyyət göstərən qurumların rəhbər heyəti aprelin 24-də Kollecin “Dini-mənəvi xidmət” ixtisasının I kurs tələbəsi Daniyat Şabanovanın ailəsinin qonağı olublar. R. Məmmədov bildirib ki, ölkəmizdə mövcud olan tolerant mühitin, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində həyata keçirilən tədbirlər dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

    Təhsil müəssisəsində tələbələr üçün yaradılmış elm-təhsil mühitindən bəhs edən Komitə sədri vurğulayıb ki, Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin təsis edilməsində əsas məqsəd gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər, savadlı kadrlar kimi yetişərək bu istiqamətdə cəmiyyətimizə xidmət etməsinə nail olmaqdır.

    Tələbənin valideynləri göstərilən diqqət və qayğıya görə Komitə sədrinə minnətdarlıqlarını ifadə ediblər.

    Daha sonra Dövlət Komitəsinin sədri Zaqatala rayonu Paşan kənd məscidini ziyarət edib. Məscidin dini icmasının sədri Müsənnəf Şabanov dini ibadət ocağı haqqında məlumat verib.

    Komitə sədri ölkəmizdə mövcud olan birgəyaşayış ənənəsinin, tolerantlıq mühitinin qorunub saxlanılması istiqamətində din xadimlərinin, dini icma sədrlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Ramin Məmmədov dini icma sədrinə övladı Daniyat Şabanovanın da gənc mütəxəssis kimi ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində səylə çalışacağına ümidvar olduğunu diqqətə çatdırıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər