Bakı İlahiyyat Kollecində təhsil ödənişsiz olacaq

Bakı İlahiyyat Kollecində təhsil ödənişsiz olacaq
  • Təhsil / Maraqlı

  • “Yeni fəaliyyətə başlayan Bakı İlahiyyat Kollecində hələ ki, bir ixtisas-dini mənəvi xidmət ixtisası mövcuddur. Bu il təhsil ocağında iyirmi tələbə təhsil alacaq”.

    Bunu açıqlamasında  Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov deyib.

    Direktor bildirib ki, kollecə qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilir: “2024-2025-ci tədris ili üzrə qəbul yalnız tam orta (11 illik) təhsilini başa vurmuş abituriyentlər arasından aparılıb. Gələcək illərdə isə ümumi (9 illik) orta təhsil bazasında qəbulun həyata keçirilməsi planlaşdırılır.

    Bu il iyun ayının 4-də DİM tərəfindən abituriyentlərin dünyagörüşü səviyyələrinin və ixtisasa maraqlarının müəyyənləşdirilməsi üçün yaradılan Dini-Psixoloji Komissiyanın iştirakı ilə müsahibə mərhələsi keçirilib”.

    Mehman İsmayılov vurğulayıb ki, Bakı İlahiyyat Kollecində həm dünyəvi, həm də dini fənlər tədris olunacaq və təhsil yalnız ödənişsiz əsaslarla olacaq.

    Direktor müəllimlərin işə qəbulu prosesinin necə həyata keçirildiyini də açıqlayıb:“Müəllimlərin işə qəbulu sınaq dərsləri vasitəsilə həyata keçirilir. Komissiya üzvlərinin və Azərbaycan İlahiyyat İnstitutu müəllimlərinin iştirakı ilə işə qəbulla bağlı yekun qərar verilir”.

    Kollecin hansı ünvanda fəaliyyət göstərəcəyinə gəlincə, təhsil müəssisəsinin Azərbaycan İlahiyyat İnstitutunun binasında yerləşdyini deyən Mehman İsmayılov gələcəkdə məzunların işləyə biləcəyi sahələrə də aydınlıq gətirib:“Kollecdən məzun olan tələbələr dini ayin icraçıları kimi məscidlərdə və dini sahə ilə bağlı müvafiq yerlərdə fəaliyyət göstərə biləcəklər”.

    Xatırladaq ki, Bakı İlahiyyat Kolleci Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 dekabr 2023-cü il tarixli 444 nömrəli Qərarı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu yanında yaradılıb. Kollecin yaradılmasında əsas məqsəd dini fəaliyyətin təşkili sahəsində ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.
    PAYLAŞ:

    Oxşar xəbərlər