
Müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlərin böyük bir qrupu qlobal gündəlikdə duran mühüm məsələləri müzakirə etmək üçün Azərbaycanı yeddinci dəfədir ki, ziyarət edir. Eyni zamanda, bütün bu səfərlər Azərbaycanı daha da yaxşı tanımağa, ölkənin nəbzini tutmağa xidmət edir. Azərbaycanın tarixi ərazilərinin azad edilməsindən sonra beynəlxalq ekspertlərin həmin ərazilərə müntəzəm səfərləri onlara ölkəmizin tarixi haqqında daha dolğun məlumat verir. Onlara münaqişənin tarixi və İkinci Qarabağ müharibəsində şanlı Zəfərimizdən ayrılması mümkün olmayan Azərbaycanın bugünkü reallığı və beynəlxalq dəstək olmadan ölkənin ərazi bütövlüyünün öz gücü və siyasi-hərbi yolla bərpası ilə bağlı unikal presedent haqqında məlumat verir.
1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, əslində, zaman bombası idi və bu bomba separatçılara, onların sponsorlarına və münaqişəni öz siyasi məqsədləri üçün istifadə edən müxtəlif tərəflərə lazım olan anda partladı.
Azərbaycan buna, əslində, suverenliyimiz uğrunda döyüşdə son nöqtə olan, 24 saatdan az davam edən hərbi əməliyyatla bir il yarım bundan əvvəl son qoydu. Həmin ərazilərdə nələrin baş verdiklərinin şahidi olmuşuq.
Aprelin 9-da ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda bir daha bu reallıqlara diqqət yönəldildi. Artıq ənənəvi olaraq keçirilən bu forumların mövzularına diqqət yetirsək dövrün çağırışlarını özündə ehtiva etdiyini aydın şəkildə görərik. Azərbaycanın balanslaşdırılmış xarici siyasəti müxtəlif dövlətlərlə istər ikirərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrin yüksək səviyyədə qurulımasını və yeni istiqamətlər üzrə inkişaf etdirilməsini şərtləndirir.
Prezident İlham Əliyevin forumlardakı çıxışları Azərbaycan reallıqlarının, həmçinin regionda və dünyada baş verən dəyişikliklərin, ədalətə, beynəlxalq hüquqa, əməkdaşlığa çağırışların təqdimatında əhəmiyyətli rol oynayır. ADA Universitetində keçirilən forumun mövzusundan da göründüyü kimi, hazırkı dövrün əsas müzakirə mövzusu yeni dünya nizamının formalaşdırılması, ədalət və beynəlxalq hüquq məfhumlarının mövcudluğunu təsdiqləməklə yanaşı, onların fonunda qarşılıqlı etimad mühitinin qorunmasıdır.

Cəlal Əliyev,
YAP Masallı rayon təşkilatının əməkdaşı