
Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bir daha bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, həkim üçün həyat və mənəviyyat dərsi, kamillik, müdriklik məktəbidir. Onun nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən hörmətlə anılır.Bu dünyaya vida deyib sənətindən, peşəsindən asılı olmayaraq, xatirələrdə yaşayan insanları zaman-zaman xatırlamaq hər birimizin borcudur. Xatırlanan şəxsin timsalında bizə bir millət, bir xalq kimi nələrə qadir olmağımızın, kimlərlə təmsil edilməyimizin qürurunu yaşatmaqla bərabər, həm də çağdaş dövrdə və bundan sonra da özümüzə bir qədər kənardan baxmaq, özümüzü dəyərləndirmək imkanı yaradır.
Qədim Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açmış Zərifə Əliyeva zəngin və mənalı ömür yaşayıb. Atası - görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ömür yolu onun üçün əsl həyat məktəbi olub. Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, dostu və silahdaşı olub.
Akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. O, Azərbaycan Tibb İnstitutunu bitirəndən sonra təhsilini Moskvada, Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb və bütün ömrünü tibbin oftalmologiya sahəsinə həsr edib.1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, xüsusən traxoma geniş yayılmışdı. İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problemə - gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi. Beləliklə, gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı.
Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail olur. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu respublikamızda geniş tətbiq olundu və traxomanın bir xəstəlik kimi aradan qalxmasında mühüm rol oynadı. Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım bu problemin nə qədər çətin və mürəkkəb olduğunu çox yaxşı bilirdi. Lakin işin çətinliyinə və məsuliyyətinə baxmayaraq, o, tezliklə böyük uğurlar əldə edir.
Zərifə xanımın oftalmoloq-alim kimi diqqət yetirdiyi aktual problemlər sırasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tuturdu. O, oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının peşə patologiyasını dərindən tədqiq edib. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin tədqiqi ilə əlaqədar idi. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olub. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası yazıb. 1977-ci ildə ona tibb elmləri doktoru alimlik dərəcəsi verilib.Gərgin və məhsuldar elmi fəaliyyətinə görə 1980-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
Görkəmli alimin respublikanın iri sənaye müəssisələrində apardığı genişmiqyaslı elmi-tədqiqat işləri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarında öz əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə ona keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verilib. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.
Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, həmçinin bir sıra dərs vəsaiti və monoqrafiyaların müəllifi olmuşdur.
Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub.
Zərifə xanım heç zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır. Unudulmaz alim, qayğıkeş ana olan Zərifə xanım xalqımız tərəfindən ehtiramla yad olunmağa layiqdir.

Tağıyeva Əntiqə,
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru,YAP-nın fəal üzvü