Akademik İsa Həbibbəyli TÜRKTAV-ın baş katibi ilə görüşüb

Akademik İsa Həbibbəyli TÜRKTAV-ın baş katibi ilə görüşüb
  • Cəmiyyət

  • AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türk Tarix və Kültür Vəqfinin (TÜRKTAV) baş katibi Assel Lakhayeva ilə görüşüb.

    Görüşdə Birinci Türkoloji Qurultayın 100 illiyinə hazırlıq məsələləri müzakirə olunub.

    AMEA prezidenti çıxış edərək görüşün Milli Elmlər Akademiyasının 80 illik yubileyi ərəfəsində keçirilməsinin əlamətdar olduğunu, Akademiyanın Türk dünyasının elmi-akademik qurumları və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini bildirib. Qeyd edib ki, gələn il 1926-cı ildə Bakıda, ovaxtkı İsmailiyyə binasında, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyi tamam olur. Akademik İsa Həbibbəyli Qurultayın yubileyinin Türk dünyasının Elmlər Akademiyalarının və elm xadimlərinin iştirakı ilə təntənəli yubileyinin keçirilməsinin nəzərdə tutulduğunu və artıq hazırlıq işlərinə başlanıldığını söyləyib. Vurğulayıb ki, Qurultay çərçivəsində keçirilən tədbirlərin türkologiya üzrə xüsusi xidmətləri olan bir sıra alimlərin dəvət olunması, kitab təqdimatlarının, sərgilərin keçirilməsi planlaşdırılır.

    AMEA rəhbəri Türk Tarix və Kültür Vəqfi (TÜRKTAV) ilə əməkdaşlığın Birinci Türkoloji Qurultayın 100 illiyinin yüksək səviyyədə təşkili məsələsinə öz töhfəsini verəcəyini qeyd edib.

    Sonra çıxış edən TÜRKTAV-ın baş katibi Assel Lakhayeva AMEA-nın 80 illik yubileyi münasibətilə Akademiyanın kollektivini təbrik edib. TÜRKTAV-ın fəaliyyəti barədə məlumat verən A.Lakhayeva qurumun məqsədinin türk xalqlarının əsrlər boyunca formalaşmış mədəni yaddaş və irsini milli və beynəlxalq səviyyədə həyata keçirilən layihələr vasitəsilə tanıtmaq, qorumaq və gələcək nəsillərə ötürülməsinə xidmət edəcək fəaliyyətlər həyata keçirmək olduğunu deyib. O, bu məqsədlə TÜRKTAV-ın türk xalqlarının tarixi və mədəniyyəti sahəsində müxtəlif layihələr, konfranslar, simpoziumlar həyata keçirdiyini, türkcə dil kurslarının təşkil olunduğunu, nəşrlər hazırlanaraq çap edildiyini söyləyib.

    Birinci Türkoloji Qurultayın XX əsrdə türk xalqlarının mədəni həyatında və birliyində mühüm rol oynadığını deyən Assel Lakhayeva təmsil etdiyi qurumun AMEA ilə birlikdə Qurultayın 100 illiyinin yüksək səviyyədə təşkili ilə bağlı TÜRKTAV-ın zəruri dəstəyi verəcəyini diqqətə çatdırıb.

    Daha sonra qeyd olunan məsələ ətrafında geniş müzakirələr aparılıb, müvafiq razılıq əldə olunub.

    Sonda qarşılıqlı kitab hədiyyələri təqdim olunub, xatirə şəkli çəkdirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər