
Zərifə xanımın şəxsiyyətinin və fəaliyyətinin ən dəqiq və olduqca yığcam təsvirini elə onun ömür-gün yoldaşı, Ulu Öndər Heydər Əliyev özü verib. Ulu Öndər Zərifə xanımı belə xarakterizə edirdi: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”.
Nəinki Azərbaycan qadınlarına, bütün dünya qadınlarına nümunə ola biləcək nurlu sima, böyük oftomoloq-alim, sədaqətli silahdaş, gözəl ana Zərifə xanım Əliyevanın 15 aprel anım günüdür. Zərifə xanım o insanlardandır ki, onun ömrü kiçik zaman kəsiyinə sığmır, böyük ümmanlar kimi xalqın yaddaşında əbədi iz buraxır, mənalı həyatı zaman-zaman insanlar üçün örnək olur, əməlləri, gözəl insani keyfiyyətləri ilə insanların qəlbində işıqlı zərrələrə dönür.
O, özünün zərif, kövrək çiyinlərində böyük məsuliyyət və fədakar məhəbbət yükünü daşıdı. Tale Zərifə xanıma həm Azərbaycanın dövlət başçısının – Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı olmağı, həm də gələcək dövlət başçısının - Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin anası olmağı nəsib etmişdir.
Azərbaycan səhiyyə elminin inkişafında müstəsna xidmətləri ilə seçilən tanınmış alimlərimizdən biri akademik Zərifə xanım Əliyevadır. Onun oftalmologiya sahəsinə bəxş etdiyi dəyərli elmi töhfələri nəinki ölkəmizdə, bütün SSRİ məkanında bu sahənin inkişafında xüsusi rol oynamışdır. Bu tərəqqinin xidmətkarlarından biri olan Zərifə Əliyeva zəkası, şəfqəti ilə sözün əsl mənasında nur bəxş edən alimlərimizdəndir. Görkəmli oftalmoloq-alim, bu sahənin inkişafı yolunun bənzərsiz izçilərindən biri olmuşdur. Yüksək intellekt sahibi, dəyərli ziyalı, böyük ictimai xadim, ustad həkim, tanınmış alim, akademik Zərifə Əliyevanın zəngin ömür yolunu izlədikcə sözün əsl mənasında göz önündə yüksək mənəvi xüsusiyyətlərin daşıyıcısıali insan təcəssümü canlanır. Lakin onun həyat amalını bununla nəhayətləndirmək əlbəttə ki, kifayət etməz.
Zərifə xanım Əliyeva 1960-1967-ci illərdə Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. Bu sahədə apardığı dəyərli tədqiqatlara, gördüyü işlərə görə, 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adını verib.1967-ci ildə Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunub.
Son dərəcə sadə, təvazökar, lakin bir o qədər də inadkarlığı, qətiyyəti və böyük zəhmətsevərliyi sayəsində dünya şöhrəti qazanmış Akademik Zərifə Əliyeva tibb sahəsindəki yenilikləri ilə də tanınır. 1 ixtira, 12 səmərələşdirici təklifin, bir sıra dərslik və dərs vəsaitlərinin, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın müəllifi olan alim, oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə, görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə bu sahənin ən yüksək dərəcəsinə, M.İ.Averbax adına mükafata layiq görülmüş ilk qadın mütəxəssis olmuşdur.
Tibb elminə bəxş etdiyi töhfələri, istedadlı alim, həm ziyalı, həm də fəal ictimai xadim olaraq bu müqəddəs Əziz Əliyev ocaqdan gələn ənənəni, vətəninə, millətinə sevgisindən doğan böyük fəaliyyətləri ilə davam etdirmişdir. Göz insan əzasının ən incə, ən həssas orqanlarındandır. İnsanların həyatını nurlandıran, gələcəyə işıq bəxş edən, elmimizi günəş tək parladan məhz xeyirxahlıq təcəssümlü Zərifə xanım yüksək mənəviyyat sahib idi.
Çağdaş müstəqil Azərbaycan dövlətinin memarı, Azərbaycan xalqının xilaskarı və Ümummilli lideri mövqeyinə yüksəlmiş Heydər Əliyevin bu uğurlu həyat və fəaliyyət yolunda, heç şübhəsiz, onun fədakar yoldaşı, sadiq sirdaşı olan Zərifə xanım Əliyevanın da özünəməxsus rolu vardı.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev onun haqqında belə deyirdi: "Mənim üçün o, birinci növbədə böyük bir insan idi. Sədaqətli həyat yoldaşı, çox mehriban bir ana idi”.
Zərifə xanım əsl azərbaycanlı qadınının bütün mənəvi dəyərlərini özündə cəmləşdirmişdi.
Tənzilə Səfərova,
YAP gənc fəali,
Tibb işçisi