05 fevral 2025-ci il tarixdə rayonun Tüklə kəndində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov ərazinin sakinləri ilə növbəti səyyar görüş-qəbulunu keçirmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açıq elan edərək qəbula gələn vətəndaşları salamlamış, ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.
Sonra rayon rəhbəri sözü Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayevə verərək ötən səyyar görüş-qəbulu zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti və ərazidə görülmüş işlər barədə ətraflı məlumat verməsini istəmişdir.
Aparatın şöbə müdiri Elvin Fəttayev ötən səyyar-görüş qəbulu barədə çıxış edərək bildirmişdir ki, ərazidə ötən qəbul zamanı 2 nəfər vətəndaş tərəfindən 2 məsələ qaldırılmış, müraciətlərin 1-i müsbət həll olunmuş və 1 məsələ ilə bağlı aidiyyatı üzrə müraciət olunmuşdur.
Sonra şöbə müdiri ərazidə görülmüş işlər barədə məlumat verərək qeyd etmişdir ki, şəhid ailələri, aztəminatlı ailələr və kimsəsizlərə məişət, eləcədə işıq, qaz problemlərinin həlli ilə bağlı yardımlar göstərilmiş, Tüklə ərazisində 38 ədəd yararsız elektrik dirəyi və 120 metr elektrik xətti yenisi ilə əvəz olunmuş, 1 ədəd transformator təmir olunmuş, ərazi üzrə ümumilikdə 1,3 km məsafədə kənddaxili yola çınqıl tökülərək hamarlanmış, GPON lahiyəsi üzrə “AzTelekom” İB və “CityNet” MMC şirkətləri tərəfindən yeni internet xətləri çəkilərək abonentlərin istifadəsinə verilmiş, 2 nöqtədə yoldan keçən qaz xəttində olan sızma təmir olunaraq yolun üstündən keçirilmiş və ərazi üzrə ümumilikdə 600 metr kanal təmizlənmişdir. Daha sonra şöbə müdiri 800 metr məsafədə küçələr gecə işıqlandırılması ilə təmin olunması, Məmmədoba kəndində şəhidlər bulaq kompleksi tikilməsi və Tüklə kəndində şəhidlər abidə kompleksinin tikintisinin davam etdirilməsi barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.
Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbul zamanı çıxış edən vətəndaşların müraciətinə həssaslıqla yanaşaraq qaldırılan məsələləri qeydiyyata alaraq nəzarətə götürülməsini təmin edərək müraciətlərin həlli istiqamətində müvafiq işlərin aparılacağını bildirmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını görüş iştirakçılarının nəzərinə çatdırmışdır.