Elə bu günlərdə, yanvar ayının 7-də Azərbaycan Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın xarici siyasətinə dair tarixi məqamları xalqa çatdırdı. Çox geniş, tarixi müsahibədə, xüsusilə praqmatik enerji siyasəti, Cənubi Qafqazdakı geosiyasi dəyişikliklər, strateji yanaşmalar fonunda yeni hədəflərortaya qoyuldu.
Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan-Fransa münasibətlərində son illərdəki gərginliyin səbəblərini geniş şəkildə açıqlayaraq bildirdi ki, Fransaya gəldikdə, indi orada siyasi səhnədə nələr baş verir? Hər kəs özü görür. Dünən Fransa prezidenti Azərbaycana qarşı yenə də cəfəng ittihamlar irəli sürmüşdü. Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir.
Onda hansısa belə bir maniya yaranıb və bütün günahlarını bizim üstümüzə atmaq istəyir. Mən hesab edirəm, əgər biz o qədər güclənmişik ki, Fransanın daxili işlərinə qarışa bilərik və nəyisə dəyişə bilərik, biz, sadəcə olaraq, bununla fəxr edə bilərik. Əslində, bu açıqlama öz acizliyinin etirafıdır. Özlərini böyük dövlət adlandıran bir prezident, sən demə, uzaqda - Qafqaz bölgəsində yerləşən, 10 milyon əhalisi olan ölkənin əməllərindən əziyyət çəkir. Halbuki bizim bu Fransanın daxili işləri ilə bağlı heç bir işimiz yoxdur. Sadəcə olaraq, qeyri-normal yanaşma, qeyri-adekvat siyasət buna gətirib çıxarıb. Yəni, Ermənistan bunu çox ciddi ölçüb-biçməlidir. Amerikada da Soros dövrü başa çatıb.
Bayden administrasiyası, əslində, Soros idarə üsulu ilə idarə olunurdu. Təsadüfi deyil ki, Baydenin son qərarlarından biri Sorosu Amerikanın ən yüksək mükafatı ilə təltif etməsi idi. Yəni, bu sorosçular faktiki olaraq mövqelərini itirirlər. Ermənistan rəhbərliyi bunu da nəzərə alsın. Nəzərə alsın ki, Yaxın Şərqdə onların yaxın müttəfiqi Əsəd diktaturası artıq tarixin zibilliyinə göndərilib və bu, davam edəcək, ona görə düzgün addım atsın. Biz Azərbaycan olaraq onlar üçün təhlükə mənbəyi deyilik. - Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik.
Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Yəni, onlar bütün bunları nəzərə almalıdırlar. Mən bir dəfə demişəm, onlar gərək bizi əsəbləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik və Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Bugünkü dünyada güc amili ön plandadır və bunu heç kim unutmasın, - deyə Azərbaycan Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bir daha qeyd edib.
Yeni dünya nizamı formalaşarkən beynəlxalq əlaqələrin ədalətli və qarşılıqlı hörmətə əsaslanması çox vacib məsələdir. Azərbaycan Prezident cənab İlham Əliyev bu müstəvidə Azərbaycanın regionun aparıcı dövləti kimi xüsusi çəkiyə malik olduğunubir daha xalqın diqqətinə çatdırıb. Bəli, Azərbaycan dövlətinin xarici siyasəti məhz bu prinsipə əsaslanır, ölkəmiz heç bir digər ölkənin daxili işlərinə qarışmır. Dövlət başçımızın müsahibəsində dediyi sözlər Azərbaycanın müasir beynəlxalq münasibətlər gedişində strateji məqsədlərinibir daha aydın şəkildə bildirir.
Bu gün Azərbaycan beynəlxalq arenada daha güclü və nüfuzlu bir mövqe əldə etməyə səy edir və buna nail olur. Çünki ölkəmizin İlham Əliyev kimi layiqli Prezidenti, qalib olan Ali Baş Komandanı var. Xalqımız öz rəhbərinə, atdığı inamlı addımlara inanır və bunu görür...
Elxan Babazadə,
Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının fəalı