Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli elmlər doktoru dissertasiyalarını uğurla müdafiə etmələri münasibəti ilə AMEA Rəyasət Heyəti aparatının akademik-katib və vitse-prezident xidmətlərinin elmi katibləri filologiya üzrə fəlsəfə doktoru, dosent Səfa Qarayev və filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyevlə görüşüb.
Görüşdə akademik İsa Həbibbəyli son dövrlər Milli Elmlər Akademiyasında bütün sahələrdə həyata keçirilən islahatlar, yeniləşmə və inkişaf prosesləri, xüsusilə də gənc alim və mütxəssislərin yüksəkixtisaslı kadr kimi yetişdirilməsi sahəsində görülən işlər barədə söhbət açıb, qarşıda duran yeni hədəflərə çatmaq üçün gənc kadrların səfərbər olmalarının vacibliyini vurğulayıb.
Sonra akademik İsa Həbibbəyli hər iki gənc alimi filologiya elmləri doktoru dissertasiyalarını uğurla müdafiə etmələri münasibətilə təbrik edib, onların dissertasiya mövzularına müvafiq olaraq folklorun sosial-antropoloji, psixoloji kontekstdə öyrənilməsi, müasir texnokulturoloji mühitdə meydana gələn xalq biliyinin araşdırılmasının vacibliyini qeyd edib.
AMEA rəhbəri 40 yaşa qədər elmlər doktorluğu dissertasiyası müdafiəsi ilə bağlı son illər yüksəkixtisaslı kadr hazırlığı sahəsində Akademiyada aparılan məqsədyönlü işlərin real nəticə verdiyini bir daha vurğulayıb.
Sonda hər iki alim 40 yaşa qədər elmlər doktorluğu dissertasiyası müdafiə etmiş alimlərlə AMEA tarixində ilk dəfə olaraq Akademiyanın prezidenti tərəfindən keçirilən görüşə, göstərdiyi xüsusi diqqət və qayğıya görə akademik İsa Həbibbəyliyə dərin minnətdarlıqlarını bildiriblər.
Görüşdə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri və İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov da iştirak ediblər.