10 noyabr 2020- ci il tarixdə imzalanmış Üçtərəfli bəyənatın qəbulundan dörd il keçir. Bu dörd il ərzində Azərbaycan işğaldan azad etdiyi ərazilərdə öz suverenliyini tam bərpa etdi. Üçrəngli Azərbaycan bayrağı Vətənimizin hər bir guşəsində şərəflə dalğalanır. Prezident İlham Əliyevin təbirincə desək:" Heç kim bu torpaqları bizə elə- belə verməyib. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq".
Münaqişə artıq başa çatıb və torpaqlarımız işğaldan azad olunub. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status- kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec- tez öz amalına qovuşacaqdır. Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərək belə qənaətə gəlinib ki, İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqon rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd ediblər.
İmzalanmış Bəyənat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu.
İlkin Quliyev,
YAP Masallı Rayon təşkilatının əməkdaşı.