Qubadlıya zəfərlə qayıdış

Qubadlıya zəfərlə qayıdış
  • Cəmiyyət

  • Qədim Azərbaycan diyarı olan Zəngəzur bölgəsinin Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan ordusu tərəfindən işğal olunub. İşğal nəticəsində rayonun 30 min sakini məcburi köçkün düşərək respublikamızın müxtəlif şəhər və kəndlərində məskunlaşdırılmışdır. Rayon ərazisində mövcud olmuş 7278 fərdi yaşayış evi, 7 məscid, çox sayda sosial obyektlər, körpülər, kənd təsərrüfatı obyektləri ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Ərazisinin əksər hissəsi dağlıqdır. Rayonun kəndlərinin əksər hissəsi Həkəri və Bərguşad çayları ətrafında yerləşir. Qubadlı rayonunun torpaqları çox münbit və məhsuldardır. Rayonda 79812 hektar torpaq fondu mövcud olmuşdur. Rayonun ərazisi təbii dərman bitkiləri ilə zəngindir. Qubadlı rayonunun kəndlərində mərmərləşmiş əhəng daşı və bir çox qiymətli yataqlar mövcud olmuşdur.
                 
    Nəhayət 27 il sonra Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 25 oktyabr 2020-ci il tarixində Qubadlı şəhəri  Müzəffər Azərbaycan Ordusu tərəfindən geri qaytarıldı. Həmin tarixdə Qubadlı şəhəri ilə bərabər Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan yaşayış məntəqələri də düşmən tapdağından azad edildi. Ermənistan silahlı qüvvələrinin Qubadlı şəhərinin girəcəyində hərbi baza yaratması səbəbilə Qubadlı şəhərini azad etmək o qədər də asan olmayıb. 
                   
    Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbiçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı,fədakarlığı göstərdi. İlk növbədə şəhərə hakim olan yüksəkliklər götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Zəngəzur dağları ilə Qarabağ silsiləsi arasında yerləşən Qubadlı şəhəri işğaldan azad olunan dördüncü böyük yaşayış məntəqəsidir.
                 
    Qubadlı rayonu işğaldan azad olunduqdan sonra orada bərpa və yenidənqurma işlərinə başlanılıb. Ərazinin minalardan təmizlənmə əməliyyatları ilə yanaşı, infrastrukturun bərpası işləri də davam etdirilir. 2020-ci ilin 23 dekabr tarixində Dövlət başçısı İlham Əliyevin Qubadlıya ilk səfəri Azərbaycan Bayrağının ucaldılması ilə tariximizə yazıldı. Dövlət başçımızın Qubadlıya və digər azad olunmuş bölgələrimizə səfərləri hər birimizi ürəkdən qürurlandırır. Azərbaycan xalqı əmindir ki, uğurlarımız davamlı olacaq. Bu gün Qubadlı şəhəri öz tarixi memarlıq üslubunu saxlamaqla dünya şəhərsalma prinsiplərinə uyğun müasir şəkildə yenidən qurulur.



                         
    Talib Qəzənfərli,
    Masallı rayonu, Böyük Xocavar kənd sakini.


    PAYLAŞ:

    Oxşar xəbərlər