Zəngilan rayonu - Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olub, Araz çayı boyunca, Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşən tarixi Azərbaycan rayonu. Rayon 1993-cü il oktyabrın 30-da Ermənistan tərəfindən işğal edilmişdi. 27 il düşmən tapdağında qalan rayondan demək olar ki, əsər-əlamət qalmamışdı. Tarixi abidələr dağıdılmış, təbiətə divan tutulmuşdu. Rayon ərazisində yerləşən Avropanın ən böyük çinar meşəsi də yağı düşmən tərəfindən məhv edilmişdir.
İşğalla barışmayan Azərbaycan xalqı böyük səbrsizliklə torpaqlarını işğaldan azad etmək üçün öz Ali Baş Komandanından “döyüşə” əmrini gözləyirdi. Çünki onlar yaxşı bilirdi ki, Ermənistan və onun havadarları, xalqımıza və dövlətimizə qarşı daima məkrli və qərəzli siyasət yeridən beynəlxalq təşkilatlar heç vaxt o torpaqları sülhlə qaytarmayacaq. Nəhayət o gün gəldi, 2020-ci ilin 27 sentyabrında işğala son qoymaq üçün əks hücum əməliyyatı başladı. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ordumuz döyüşün ilk saatlarında, o zamankı “təmas xətti”ndə yaradılmış istehkamları aşaraq öz tarixi torpaqlarını işğaldan azad etməyə başladı. Xalq öz liderinin ətrafında sıx birləşərək dəmir yumruq yaratdı. Günlər ötdükcə torpaqlarımız bir-bir azad edilir, hər gün ölkə başçısı xalqımıza müjdəli xəbərlər verirdi. Təqvimdə 20 oktyabr 2020-ci il. Ölkə başçısı cənab İlham Əliyev ənənəyə sadiq qalaraq xalqa növbəti müraciətini edir, azad olunan yaşayış məntəqələrinin adlarını sadalayır və əlindəki kağızı qatlayıb kənara qoyaraq: “və” deyir. Ekran qarşısında cənab Prezidenti səbrsizliklə dinləyən milyonlar bir anlıq nəfəsini tutur. Cənab Prezident davam edir “Zəngilan şəhəri”. Xalqın sevincinin həddi-hüdudu yoxdur, sevinc göz yaşları içində alqışlar ...
Nəhayət 10 noyabrda 44 Günlük Vətən Müharibəsi başa çatdı. Növbədə böyük quruculuq işləri və əhalinin öz doğma ata-baba yurdlarına qayıtması mərhələsidir.
Müharibənin bitməsindən qısa müddət sonra cənab Preizdent tarixi torpaqlarımızı ziyarət etmək, vəziyyətlə yerində tanış olmaq üçün azad olunan ərazilərə səfərlərə başlayır. Zəngilana ilk səfər 2020-ci il dekabrın 23-də edilir. 20 oktyabr 2021-ci ildə Zəngilana səfərə gələn dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağalı kəndində görülən işlərlə tanış olur, Zəngilan Beynəlxalq Hava limanının tikinti işlərinə baxış keçirir, Dövlət Sərhəd Xidmətinin rayondakı hərbi hissəsinə baş çəkir, elektirik yarımstansiyasının açılışını edir, Rəqəmsal Yarımstansiyasının açılışını etdikdən sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşür. Zəngilanda nəhəng quruculuq işləri aparılır. Quruculuq işləri təkcə infrastruktur layihələri deyil, həm də tarixi, dini, mədəni abidələri də əhatə edir. 2022-ci il mayın 26-da Zəngilan rayonuna səfər edən Prezident və birinci xanım Zəngilan məscidində aparılan işlərlə tanış olur. Zəngilan İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində iştirak edirlər. Mayın 27-də Ağalı kəndində inşa edilən “Ağıllı kənd” layihəsinin birinci məhrələ üzrə açılışı olur.
Qarabağa “Böyük Qayıdış” da məhz Zəngilandan başlanır. O zaman ən son işğal olunan rayon da Zəngilan idi. 19 iyul 2022-ci ildə 10 ailədən ibarət ilk qrup Zəngilan rayonun Ağalı kəndinə yola salınır. Ağalı kəndi “Ağıllı kənd” layihəsi ilə yaradılan ilk kənddir. Kənddə lazım olan bütün şərait yaradılıb.
2022-ci il oktyabrın 19-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilana növbəti səfər zamanı şəhərdə 960 şagirdlik məktəb binasının təməl qoyma mərasimində iştirak edirlər.
4 may 2023-cü ildə ölkə rəhbəri tərəfindən Zəngilan şəhərində üç mərtəbəli yaşayış kompleksinin təməli atılır. 28 sentyabrda rayonun Alıbəyli kəndinin inşasına başlanır, Zəngilan Konqres Mərkəzinin açılışı olur. Həmçinin “Cahangirbəyli” Su Elektirik Stansiyası istifadəyə verilir. Əlavə olaraq 2-ci, 3-cü, 4-cü yaşayış komplekslərinin təməli qoyulur. 2024-cü il may ayının 18-də Zəngilanda ölkə başçısı tərəfindən “Ağalı” hotelinin, 2 su elektirik stansiyasının, və Zəngilan məscidinin açılışı olur, Mincivan qəsəbəsinin təməli qoyulur.
Zəngilanda aparılan abadlıq bərpa işləri sürətlə davam edir. Bütün bu işlər ölkəmizin iqtisadi gücünün isbatıdır. Bu işlərin keyfiyyətli və belə sürətli aparılmasında cənab Prezident İlham Əliyevin danılmaz xidmətləri vardır. Mütəmadi olaraq bu işlərə yerində baxış keçirir, lazımi tapşırıqları verir. Bu səfərlərin növbətisi cari ilin 3 oktyabrında Zəngilana oldu. Elektirik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin və “Sarıqışlaq” Su Elektirik Stansiyasının açılışını edən ölkə başçısı Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində və Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış oldu.
İndi Zəngilana həyat qayıdıb, mərhələli şəkildə əhali öz yurdlarına köçürülür, abadlıq-quruculuq işləri sürətlə davam etdirilir.
Elxan Rəcəbov
YAP Masallı rayon təşkilatının fəalı.