416-cı Taqanroq Diviziyasının rəşadətli yolu!

416-cı Taqanroq Diviziyasının rəşadətli yolu!
  • Cəmiyyət

  • Zaqafqaziya  Hərbi  Dairəsinin komandanlığının əmrinə əsasən 1942-ci ilin 22 fevral tarixdən  Azərbaycan  SSR-in Ucar rayonunda 416-cı atıcı  diviziyanın  formalaşdırılmasına  başlanılmışdır. 1054-cü və 1374-cü alay Ağdamda, 1373-cü alay Göyçayda, 1368-ci alay Sumqayıtda yaradılmışdır. Həmin ilin martın 22-də diviziyanın şəxsi heyəti hərbi andiçmə mərasimində iştirak edib. Diviziyanın heyətinə 11,050 azərbaycanlı, 291 rus, 110 gürcü, 99 ukraynalı, 72 tatar, 28 yəhudi, 23 belarus, eləcə də digər millətlərin hərbi qulluqçuları daxil idi. Bölmə 5156 tüfəng, 1022 avtomat, 167 əl pulemyotu, 50 ağır pulemyot, 217 tank əleyhinə tüfəng, 308 ədəd top, 181 minaatan, 65 avtomobil ilə silahlanmışdır.
           
    416-cı milli diviziyanın döyüş yolu Qafqazdan başlanmışdır. Diviziya 1942-ci ilin sentyabrın əvvəllərində 44-cü ordunun tərkibinə daxil edilərək Şimali Qafqazda Xasavyurt rayonuna göndərilmişdi. Diviziyanın cəbhəyə getdiyi vaxt Qafqaz uğrunda döyüşlərin ən şiddətli dövrü idi. Almaniyanın "Cənub" ordu qrupu komandanlığına 1942-ci ilin 25 sentyabrında Bakını zəbt etmək əmri verilmişdi. 1942-ci ilin oktyabrında 416-cı diviziya 58-ci ordunun tərkibinə daxil edilərək, Sulak çayının şərq sahilində düşmənin Mahaçqala istiqamətindəki hücumlarına qarşı mövqedə yerləşdirildi. Həmin ilin noyabrında diviziya yenidən 44-cü ordunun tərkibinə daxil edildi və təcili olaraq Terek stansiyası zonasında yeni döyüş xəttinə göndərildi. 1942-ci ilin 30 noyabrında diviziya hücuma keçdi. 1943-cü ilin yanvarının əvvəlinə qədərki dövrdə diviziyanın döyüşçüləri Qafqazdan  Azov sahilinə qədərki məsafəni döyüşlərlə keçərək, növbəti döyüşlərə hazırlaşdılar. Bu dövrdə diviziyanın komandirlərindən biri polkovnik (az sonra general-mayor) Tərlan Əliyarbəyov idi. 1942-ci ilin noyabrında Şimali Qafqazdan başlanan əks-hücumlar nəticəsində üç ay ərzində Şimali Qafqaz düşməndən azad edildi və Rostov istiqamətində döyüşlərə başlamaq üçün zəmin yarandı. 1943-cü ilin 21 fevralında 416-cı diviziya əməliyyatlarının II dövründə hazırlığa başladı. Bunun üçün diviziyaya Azərbaycandan 1500 nəfər yeni döyüşçü göndərilmişdi. 416-cı diviziya 1943-cü ilin 17 avqustunda Taqanroq istiqamətində başlanmış hücumlarda iştirak edirdi və avqustun 30-da diviziya 28-ci ordunun tərkibində Taqanroq şəhərinin düşməndən azad edilməsində böyük qəhrəmanlıq göstərdi və bu qələbəyə görə ona "Taqanroq diviziyası" fəxri adı verildi.
             
    1944-cü ilin yanvarında 416-cı diviziya 3-cü Ukrayna cəbhəsində 5-ci zərbə ordusu tərkibində hücuma keçərək, Dnestr çayını keçdi və döyüşlərdə Dnepr çayı sahillərinə çıxdı. Dneprin keçilməsində qəhrəmanlıq göstərdiklərinə görə Mikayıl Ələkbərov, Bahəddin Mirzəyev, Ablul Vəliyev, Fəriz Səfərov və Ağaşirin Cəfərov Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görüldülər. Baş çavuş Həsən Rəhimov isə "Qırmzı bayraq" oredeni ilə təltif olundu.
           
    416-cı diviziya I Belorusiya cəbhəsinə daxil olan 5-ci zərbə ordusu tərkibində Visla çayı istiqamətində hücumu davam etdirərək, Varşavanın azad edilməsində iştirak etdi və Oder çayının qərb sahilinə çıxaraq, düşmənin Kyustrin şəhərini zəbt etdi. Berlinə ilk dəfə daxil olan hərbi hissələr içərisində 416-cı diviziya var idi. Diviziya 1-də Berlinə daxil oldu. Berlin uğrunda döyüşlərdə kapitan X.Gülməmmədovun batalyonu xüsusilə fərqləndi. Kayzerin sarayı üstündə Qələbə bayrağını ilk dəfə mayın 1-də sancanlardan biri leytenant Vahab Osmanov düşmən gülləsindən həlak oldu. Brandenburq qapıları üstünə mayın 2-də qələbə bayrağını taxanlardan biri isə Məcidov və onun döyüşçüləri oldular. Qafqazdan  Berlinədək döyüş yolu keçmiş 416-cı Azərbaycan Milli diviziyası və onun alaylarına müharibə illərində general-mayorlar Tərlan Əliyarbəyov, Heybət Heybətov, Hacıbaba Zeynalov (diviziyanın qərargah rəisi) komandirlik etmişdir.
           
    İkinci Dünya müharibəsində ölkəmizin hərb tarixinə şanlı səhifələr yazmış əfsanəvi 416-cı atıcı Azərbaycan milli diviziyası haqqında Sovet İttifaqının ən nüfuzlu qəzetləri yazırdı: "Döyüşməyi İsrafil Məmmədovdan öyrənin", "416-cı Azərbaycan diviziyasının hər bir əsgəri qəhrəmandır" və sair. Qəzetlər 416-cının şahinlərinə səhifə-səhifə yer ayırırdı.  Azərbaycanda yaradılmış 8 milli diviziyanın hər biri müharibədə böyük qəhrəmanlıqlar göstərirdi. Mərkəzi mətbuatın səhifələrini müxtəlif orden və medallarla təltif edilmiş azərbaycanlı döyüşçülərin şəkilləri bəzəyirdi. Diviziyada "Qızıl əsgər" qəzeti nəşr olunurdu.
         
    416-cı diviziyanın döyüş yolu üzərindəki müxtəlif şəhərlərdə   onun qələbələri şərəfinə xatirə abidələri ucalır. Taqanroq şəhəri yaxınlığındakı Sanbek yüksəkliyində diviziyanın xatirə ansamblı və  hərbi-tarixi muzeylə yanaşı, Kiyev, Nikolayev, Odessa  şəhərlərində və Moskvada bu diviziyaya həsr olunmuş şöhrət muzeyləri təşkil edilib.
         
    Moskvada MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında şıxış edərək qeyd etmişdi – “Hörmətli həmkarlar, bu gün MDB dövlət başçılarının İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciəti qəbul ediləcək. Azərbaycan ümumi qələbəmizə sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdi.”
                                    
                                                           


    ƏFRAİL FƏRZİYEV,
    Masallı rayonu,
    YAP veteranı.         
                                                 
    PAYLAŞ:

    Oxşar xəbərlər