Azərbaycan 30 ilə yaxın müddətdə ərazisinin 20%-ini işğal edən Ermənistanla danışıqlar apararaq Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışdı. Danışıqlar heç bir nəticə vermədi, əksinə, aydın şəkildə müşahidə edildi ki, Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyir, status-kvonu möhkəmləndirməyə, əbədi etməyə çalışır. Azərbaycan işğalla barışa bilməzdi və barışmadı.
Ötən müddət ərzində Ümummilli Lider Heydər Əliyev uzaqgörənlilik və müdrikliklə Azərbaycanın hərtərəfli inkişafı, siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi üçün böyük işlər gördü, sağlam təməllər yaratdı.
Bu yolu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası üçün ilk növbədə, iqtisadi gücün vacibliyini bəyan etdi. Düzgün strategiya və düşünülmüş məqsədyönlü siyasət nəticəsində Azərbaycan güc toplamağa başladı, iqtisadi müstəqillik təmin edildi, Azərbaycan iqtisadi cəhətdən heç kimdən, heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı olmayan müasir dövlətə çevrildi, dünya üçün çox nadir inkişaf modelini yaratdı.
2016-cı ilin Aprel döyüşlərindən, 2020-ci ilin İyul döyüşlərindən Ermənistanın hərbi-siyasi rəhbərliyi lazımi dərs çıxarmadı və vəziyyəti daha da gərginləşdirməyə davam etdi.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı işə düşdü, sonradan “Dəmir Yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərinə tarixi səfərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltı, dövlətimizin başçısı burada çıxış edərək bildirmişdir ki, əziz həmvətənlər, bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm...
Xatırlayıram, o vaxt bəziləri sual verirdi: Nə üçün, nə üçün biz o vaxt - noyabrın 10-da müharibəni dayandırmağa razılıq verdik. Bu gün bax, burada durarkən bir daha bildirmək istəyirəm ki, biz hər şeyi vaxtında etməliyik və etmişik.
Azərbaycan xalqının böyük əksəriyyəti o vaxt da - noyabrın 10-da və ondan sonrakı dövrdə çox yaxşı başa düşürdü ki, biz istədiyimizə nail olacağıq. İstədiyimiz isə bax, burada dalğalanan Azərbaycan Bayrağıdır… Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır. Bu gün vaxtilə - hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.
Bu il “Heydər Əliyev İli”dir. Biz Heydər Əliyevin 100 illiyini il boyunca qeyd edirik. Necə qeyd edirik? Onun siyasətinə, onun tarixi irsinə hörmət göstərərək, onun siyasətini davam etdirərək qeyd edirik. Mən Ulu Öndərin ad gününü Şuşada keçirdim. Bilirəm, o vaxt bəziləri sual verirdi ki, təntənəli iclas harada keçiriləcək, təntənəli iclasda kim çıxış edəcək, hansı xarici qonaqlar gələcək? Sonra da gördülər ki, heç bir təntənəli iclas keçirilməmişdir.
Nə üçün? Ona görə ki, bizim Ulu Öndərin xatirəsinə hörmətimiz əməli işlərlə ölçülməlidir. Bu, birincisi. İkincisi, Heydər Əliyev çox təvazökar insan idi, heç vaxt təmtəraqlı mərasimlər keçirmirdi. Onun 50 illiyini mən yaxşı xatırlayıram. 1973-cü ildə evdə ancaq ailə üzvləri onu qeyd etdik. Altmış illiyini də xatırlayıram, o zaman Moskvada çalışırdı. Orada da heç bir qonaq yox idi. Yetmiş illiyini Naxçıvanda oraya gələrək atamla birlikdə qeyd etmişdim. Səksən illiyini isə,- artıq sağlamlığı o qədər də yerində deyildi, - Ankarada xəstəxanada, xəstəxananın yeməkxanasında keçirmişik. Ona görə də atamın 100 illiyini bizim üçün böyük rəmzi məna daşıyan, hər bir azərbaycanlının ürəyində yaşayan Şuşada qeyd etməli idim. Orada Azərbaycan xalqına müraciət edərək öz ürək sözlərimi dedim. Bu gün Ulu Öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olub.
-Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxtda bu gün burada olmağım, əlbəttə ki, böyük rəmzi məna daşıyır. Onu da bildirməliyəm ki, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl - 1923-cü ildə yaradılmışdır. Bu, 100 ilin tarixidir. Görün, bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix onu bir daha göstərir. Baxın görün, bu gün Azərbaycana ən çox düşmənçilik edən hansı ölkələrdir. Həmin ölkələr ki, o vaxt -1992-1993-cü illərdə Ermənistanın yanında idi, onları işğala təhrik edirdi, işğalı dəstəkləyirdi və onlara bəraət qazandırırdı. Heç nə dəyişməyib bu 30 il ərzində. Xalqımız böyük faciələrlə üz-üzə qalmışdı, 1 milyon insan evsiz-eşiksiz qalmışdır, torpaqlarımız tamamilə dağıdılmışdır. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür. Bir dənə salamat bina qalmayıb. Bizə qarşı etnik təmizləmə aparılmışdır. Bizə qarşı soyqırımı törədilmişdir, Xocalı soyqırımı. Ondan çox ölkə Xocalı soyqırımını tanıyıb, “Xocalıya ədalət!” hərəkatı geniş beynəlxalq vüsət almışdır. Bax, o çətin dövrdən bu günə qədər keçdiyimiz yol şərəf və ləyaqət yoludur. Biz toparlandıq, güc yığdıq. Azərbaycan xalqı 1993-cü ildə öz müdrikliyini bir daha göstərmişdir, Ulu Öndər Heydər Əliyevə dəstək vermişdir, onu prezident vəzifəsinə seçmişdir və o vaxtdan bu günə qədər inkişaf yolu ilə gedir. Son 20 il ərzində isə bu inkişaf daha da sürətlidir və bütün sahələrdə özünü göstərir, — deyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərinə tarixi səfərindəki çıxışında qeyd etmişdir.
Azər BAXIŞOV,
YAP Masallı şəhər ərazi partiya təşkilatının sədri.