Sahibkarlıq subyektlərinin müdafiə sənayesinə cəlb edilməsi məqsədilə lisenziyalar və icazələr haqqında Azərbaycan qanunvericiliyində müvafiq dəyişikliklər edilib. Lisenziyalar Müdafiə Sənayesi Nazirliyi tərəfindən hərbi məhsulların layihələndirilməsi, istehsalı və sınaqdan keçirilməsi, təmiri və texniki xidmət göstərilməsi üçün veriləcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev söyləyib.
O bildirib ki, lisenziyaların verilməsinin reallaşdırılması üçün yeni qaydaların, şərtlərin və tələblərin müəyyənləşdirilməsi istiqamətində hazırda işlər aparılır.
"Müdafiə sənayesinin stimullaşdırılması üçün müdafiə təyinatlı məmulatların layihələndirilməsi, istehsalı, satışı, təmiri və onlara texniki xidmət göstərilməsi fəaliyyətini həyata keçirən şəxslərə vergi və gömrük güzəştləri tətbiq edilir. Həmin şəxslər Müdafiə Sənayesi Nazirliyi tərəfindən veriləcək təsdiqedici sənədlər əsasında gömrük rüsumundan və əlavə dəyər vergisindən azad edilirlər. Güzəştlər müdafiə sənayesinə marağın artırılması, özəl və sahibkarlıq subyektlərinin cəlb edilməsi, sağlam rəqabət mühitinin yaradılması deməkdir. Özəl sektora hərbi məhsulların idxal-ixrac əməliyyatlarına icazə Müdafiə Sənayesi Nazirliyi tərəfindən veriləcək", - deyə A.Babayev vurğulayıb.