Sentyabrın 17-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Neftçi Qurban adına 288 saylı tam orta məktəbdə 15 sentyabr 1918-ci ildə Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusunun Bakını ingilislərin nəzarətində olan Sentrokaspi Diktaturasının və onların əlaltısı olan daşnak-bolşevik birləşmələrinin işğalından azad edilməsinin 106-cı ildönümü münasibətilə YAP Qaradağ rayon təşkilatı və məktəbin birgə təşkilatçılığı ilə tədbir keçirildi.
YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev və Milli Məclisin deputatı Səbinə Xasayevanın qatıldığı tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirildi, Bakının azad edilməsi və Qarabağ müharibəsi zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aygün Hüseynova tədbir iştirakçılarını salamladı, 1918-ci ildə baş vermis qanlı hadisələri xatırladaraq Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etmək üçün göstərdiyi qəhrəmanlığın Azərbaycan tarixində mühüm rol oynadığını bildirdi.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev əvvəlcə məktəbin pedaqoji kollektivini və şagirdləri Bilik Günü münasibətilə təbrik etdi, onlara növbəti tədris ilində uğurlar arzuladı. 1918-ci ildə regionda və Azərbaycanda vəziyyət barədə ətraflı danışan YAP rayon təşkilatının sədri tədbir iştirakçılarına 15 sentyabr 1918-ci il tarixinin əhəmiyyəti barədə geniş məlumat verdi. O, həmin tarixi günün əhəmiyyətini 1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyərinin yaranması günü, 1991-ci il oktyabrın 18-də Azərbaycanın Müstəqilliyinin Bərpası Günü, 2020-ci il 8 Noyabr - Zəfər Günü ilə eyni səviyyəli hadisələr kimi ölkə tarixinin ən şanlı səhifələrindən biri olduğunu vurğuladı. Qarşıdan xalqımız üçün xüsusi əhəmiyyət kəsb edən 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatının ildönümünün gəldiyini xatırladan Qafar Əliyev, bu əməliyyat nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu, ölkəmizdə separatizmə son qoyulduğunu da qeyd etdi.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Səbinə Xasayeva da məktəbin kollektivinə növbəti tədris ilinin başlaması münasibətilə təbriklərini çatdırdı. Səbinə Xasayeva 1918-ci il sentyabrın 15-də baş vermiş tarixi hadisənin öyrənilməsinin şagirdlərin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət daşıdığını xüsusi vurğuladı, bildirdi ki, əsrlər boyu davam edən Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı tarixin müxtəlif mərhələlərində, o cümlədən 2020-ci ildə baş vermiş Vətən müharibəsində özünü bariz şəkildə göstərdi. Bu tarixi hadisələr şagirdlərimiz tərəfindən həmişə öyrənilməli və xalqlarımız arasında qardaşlıq münasibətləri daim davam etdirilməlidir.
Tədbirə yekun vuran məktəbin direktoru Aygün Hüseynova tədbir iştirakçılarına minnətdarlığını bildirmişdir.