Laçın rayonunun yeni inkişaf dövrü

Laçın rayonunun yeni inkişaf dövrü
  • Cəmiyyət

  • Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən 18 may 1992-ci ildə işğal olunub. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi ərazilərimizə Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.
               
    İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
                   
    Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad olunmuş ərazilərdə o cümlədən Laşın rayonunda geniş miqyaslı tikinti quruculuq işlərinə başlanmışdır. Rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Rayonun yol-nəqliyyat infrastrukturu yenidən qurulur.

    Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq. 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir.
             
    Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təstiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydışa dair I Dövlət Proqramı” üzrə Laçın rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. İşğaldan azad edilmiş ərazilərə Böyük Qaydış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetlərindən biri kimi müəyyən olunmuşdur.
               
    Xüsusilə bir daha qeyd etmək lazımdır ki, işğaldan azad olunan ərazilərimizdə yol, dəmiryol nəqliyyatı infrasturukturunun, sənaye parklarının, hava limanlarının və bir sıra strateji əhəmiyyətə malik obyektlərin, çoxmənzilli binaların inşası istiqamətində qısa müddət ərzində böyük işlər görülmüş və bu proses bu gündə uğurla davam etdirilir.




    Ziyafəddin Cavadov,
    S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi 

    PAYLAŞ:

    Oxşar xəbərlər