Ramin Məmmədov Misirdə keçirilən beynəlxalq konfransda çıxış edib

Ramin Məmmədov Misirdə keçirilən beynəlxalq konfransda çıxış edib
  • Cəmiyyət

  • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Misir Ərəb Respublikasının İslam Məsələləri üzrə Ali Şurasının 35-ci Beynəlxalq
    Konfransında çıxış edib. “Maarifləndirmədə Qadınların rolu” mövzusuna həsr olunmuş “1-ci Beynəlxalq Moizəçi Qadınlar konfransı” adı altında keçirilən tədbir Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin himayəsi altında təşkil olunur.

    Ramin Məmmədov ölkəmizdə qadın hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən dövlət siyasəti barədə məlumat verib. Bildirib ki, Azərbaycan qadınları tarix boyu idarəetmə, elm, mədəniyyət və ictimai-siyasi sahələrdə taleyüklü məsələlərin həllinə mühüm töhfələr veriblər.

    Belə parlaq örnəklərdən biri də ərəb məhcər ədəbiyyatının ən sanballı tədqiqatçısı kimi Misir oxucusuna yaxşı məlum olan ilk azərbaycanlı ərəbşünas qadın, görkəmli şərqşünas alim Aida İmanquliyevadır.

    Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan qadını bu gün də ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qadınların hüquqlarının qorunmasını və onların cəmiyyət həyatında iştirak imkanlarının genişləndirilməsini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib.

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın Birinci xanımı, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan qadınının ictimai həyatda iştirakının ən yaxşı nümunəsi kimi qəbul olunur. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən layihələr ölkənin inkişafına, cəmiyyətin tərəqqisinə xidmət edir. Azərbaycanda dini maarifləndirmə prosesində qadınların fəallığının təmin edilməsi istiqamətində aparılan işlər haqqında danışan R.Məmmədov İslamın qadına qazandırdığı hüquq və azadlıqlar barədə düzgün maarifləndirmə işinin təşkili məqsədilə Dövlət Komitəsinin din xadimləri, qadın təşkilatlarının rəhbərləri ilə birgə layihələr həyata keçirdiyini deyib. Komitənin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun qadın məzunlarının dini təhsil prosesinin təkmilləşdirilməsinə mühüm töhfələr verdiyini vurğulayıb.

    R.Məmmədov Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal altında saxlanıldığı 30 ilə yaxın müddətdə dini-tarixi abidələrimizə, mədəni irs nümunələrimizə qarşı həyata keçirilən vandalizm aktları barədə məlumat verib.

    Qeyd edib ki, qazanılmış möhtəşəm qələbədən sonra ölkəmiz bütövlükdə regionun tarixində yeni səhifə açacaq sülh və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edir. Komitə sədri vurğulayıb ki, Azərbaycan dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün icmaların dinc yanaşı yaşamasını təmin edən multikulturalizm və tolerantlıq modeli yaratmağa müvəffəq olub.

    Dövlət Komitəsinin sədri tədbir çərçivəsində müzakirə edilən mövzuların qadınların maarifləndirmə sahəsindəki fəaliyyətinə dəstək olacağına inamını ifadə edib.


    Müəllif: leqal.az

    PAYLAŞ:

    Oxşar xəbərlər