Dövlət Komitəsinin sədri Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşüb

Dövlət Komitəsinin sədri Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşüb
  • Cəmiyyət

  • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyulun 31-də Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb.

    Görüşdə Dövlət Komitəsinin sədri Azərbaycanın bütün sahələrdə İslam dünyası ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafına, habelə İslam həmrəyliyinin gücləndirilməsi işinə verdiyi önəm barədə danışıb. Vurğulayıb ki, ölkəmiz beynəlxalq miqyasda İslam dəyərlərinin və mədəniyyətinin təbliğinə öz töhfəsini verir.

    R.Məmmədov, həmçinin COP28-də ilk dəfə təşkil olunmuş dinlərarası pavilyonda BMT-nin müvafiq qərarı ilə əsas təşkilatçı qismində çıxış edən, habelə Vatikan ilə birgə dini liderlərin sammitini keçirən Müsəlman Ağsaqqalları Şurasının qazandığı təcrübənin əhəmiyyətinə toxunub.  Qonaqla bu il Azərbaycanın ev sahibliyi edəcəyi COP29 konfransı çərçivəsində dini liderlərin sammitinin keçirilməsi istiqamətində görülən hazırlıq işlərini müzakirə edib.

    Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın İslam dünyasında məzhəblərarası dialoqun reallaşması istiqamətində sərgilədiyi nümunəni uğurlu örnək kimi dəyərləndirib. Eyni zamanda COP29 çərçivəsində ölkəmizlə əməkdaşlıq şəraitində keçiriləcək sammitin dinlərarası dialoqa töhfə verəcəyinə ümid etdiyini vurğulayıb.

    Qeyd edək ki, görüşdə Şuranın Baş direktoru Talal Al Mazrui və digər struktur bölmə rəhbərləri də iştirak edib.

    PAYLAŞ:

    Oxşar xəbərlər