Süni intellekt fəlsəfəsində Azərbaycan-Türkiyə araşdırmalarının perspektivləri

Süni intellekt fəlsəfəsində Azərbaycan-Türkiyə araşdırmalarının perspektivləri
  • Cəmiyyət

  • Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunda Türkiyə və Rusiya alimlərinin iştirakı ilə “Süni intellekt fəlsəfəsində Azərbaycan-Türkiyə araşdırmalarının perspektivləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

    İnstitutdan Leqal.az-a bildirilib ki, konfransda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli TÜBİTAK-ın dünyada elmin inkişafında mühüm rol oynadığını və akademiya ilə əməkdaşlığının genişləndiyini söyləyib. Son vaxtlar akademiyada elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm addımların atıldığını, AMEA-da Elektron Akademiya şöbəsinin yaradıldığını diqqətə çatdıran akademik İsa Həbibbəyli bu sahədə TÜBİTAK-ın təcrübəsindən yararlanıldığını, birgə elektron layihələrin həyata keçirildiyini qeyd edib.

    Sonra mövzu ilə bağlı çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə fəlsəfənin də birbaşa süni intellektlə bağlı olduğunu vurğulayıb: “Fəlsəfə bu gün süni intellektdən kənarda qala bilməz, onsuz mümkün deyil. Elə sahə yoxdur ki, süni intellektin xidmətlərindən yararlanmasın. Hər şey inkişaf edir, modernləşir. Belə olduğu təqdirdə biz alimlər də öz işlərimizi inkişaf etdirmək üçün süni intellektdən faydalanırıq”.

    Professor insanların süni intellektdən hansı formada faydalanması, bunun nəticəsində yarana biləcək problemlərin aradan qaldırılması üçün alimlərin, xüsusilə filosofların geniş elmi təhlillər apararaq müəyyən elmi nəticələr ortaya qoymasının zəruriliyini vurğulayıb, bu işlərin sistemli şəkildə aparılmasının önəminə toxunub. İlham Məmmədzadə süni intellektin mahiyyəti, onun şüur və təfəkkürlə münasibəti, intellekt və süni intellekt arasındakı fərq məsələləri ilə ciddi maraqlandıqlarını qeyd edib.

    Konfransda Azərbaycan, Türkiyə və Rusiya alimlərinin “Süni intellekt və gender”, “Türkiyə və Azərbaycanın süni intellekt dövrünə hazırlanması”, “Süni intellekt - cəmiyyətdə insanlıq meyarı”, “Müasir dünyada insanın və süni intellektin rəqabəti” mövzularında məruzələri dinlənilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər