
Azərbaycanın dövlətçilik tarixində mühüm rol oynayan milli ordu quruculuğu siyasətinin əsasının qoyulması xalqa göstərilən ən böyük xidmətlərdən sayılır. Dövrün ağır şərtləri daxilində dövlətin və onun nizami ordusunun formalaşdırılması xalqımıza və milli-mənəvi dəyərlərimizə verilən qiymətin təzahür forması idi.1918-ci il iyunun 26-da ilk hərbi hissənin - əlahiddə korpusun yaradılması haqqında qərar Demokratik Cümhuriyyətin öz ordusunu formalaşdırması sahəsində israrlı olduğunu ortaya qoydu və Azərbaycanda ordu quruculuğu istiqamətində əsaslı nəticələr əldə olunmasına səbəb oldu. Bu addım xalqımızın dövlətçilik tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük xidmətlərindən biri kimi tarixləşdi.
Gənc Demokratik Cümhuriyyətin yaradıcıları milli dövlətçiliyimizi qorumaq, ölkəni xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün özünün silahlı qüvvələrini yaratmaqla, milli dövlətçiliyimiz yolunda ölçüyəgəlməz, qarşısıalınmaz bir prosesə başladılar.Xalq Cümhuriyyətinin devrilməsi nəticəsində ordu quruculuğu prosesi müəyyən bir zaman kəsiyində yarımçıq qaldı. Lakin 1969-cu ildə Azərbaycanın rəhbəri seçilən ümummilli lider Heydər Əliyev bu prosesin qarşısıalınmaz olduğunu bir daha sübut etdi. Ulu öndər Heydər Əliyevin respublikaya rəhbər seçilməsi ilə hərbi kadr sahəsində atdığı addımlar, Cəmşid Naxçıvanski adına hərbi təmayüllü ixtisaslaşdırılmış orta məktəbin əsasının qoyulması, azərbaycanlıların hərbi məktəblərə daxil olmasının təmin edilməsi, milli zabit kadrlarımızın vəzifələrə irəli çəkilməsi Azərbaycanın hərb tarixində yeni bir mərhələnin əsasını qoydu.Prezident, Ali Baş Komandan İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərləri ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən amillər sırasındadır. Ön xətdə xidmət edən şəxsi heyətə mübarizə əzmi aşılamaqla Ali Baş Komandan bir daha orduya diqqət və qayğısını əsirgəmədiyini nümayiş etdirir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alaraq bizim qarşımızda duran əsas vəzifə hərbi kadrların peşəkarlıq səviyyəsini artırmaq, müdafiə potensialını möhkəmləndirmək, ordumuzun gücünü və hərbi qüdrətini daima yüksəltməkdir. Bu isə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi üçün başlıca şərtdir.
Müasir ordu quruculuğunu xarakterizə edən, milli ordumuzun möhkəmlənməsinə geniş imkanlar yaradan əsas amil dinamik iqtisadi inkişaf və ölkəmizin iqtisadi qüdrətinin artmasıdır. İqtisadi inkişaf ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına və Azərbaycanda hərbi-sənaye potensialının gücləndirilməsinə geniş imkanlar yaradır.
Ali Baş Komandan İlham Əliyevin apardığı ardıcıl siyasətin, diqqət və qayğısının məntiqi nəticəsidir ki, Azərbaycan Ordusu müasir silah-sursat, döyüş texnikası, onların keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır və ordumuz dünyanın aparıcı 50 ordusu sırasındadır. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Heydər Əliyev Mərkəzində təşkil edilən rəsmi qəbulda çıxış edən Prezident İlham Əliyev qazanılan uğuru müstəqillik dövrünün ən böyük nailiyyətlərindən biri hesab etdi: "1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik. Azərbaycan Ordusu işğal altında olan torpaqların bir hissəsini iki il bundan əvvəl işğalçılardan azad etmişdir.
Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi. Azad edilmiş o torpaqlara Azərbaycan vətəndaşları qayıtmışlar. O torpaqlara həyat qayıtmışdır və bunu Azərbaycan dövləti etdi, Azərbaycan Ordusu etdi. Güclü ordu müstəqilliyimizin əsasıdır, təhlükəsizliyimizin qarantıdır. Azərbaycanda təhlükəsizlik tam təmin edilibdir. Azərbaycan bu gün müstəqil ölkə kimi dünya miqyasında ən sabit ölkələrdən biridir". Prezident qeyd etdi ki, bu gün müstəqil Azərbaycan hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir: "Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz elə bir dövlət qurduq ki, əminəm, hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir.
Cabbarova Leyla,
Masallı Gənclər Evi
Masallı rayonu, Qasımlı kəndi