İyunun 21-də Masallı rayon Mərkəzi Kitabxanasında rayon Ağsaqqallar Şurasının təşəbbüsü, Mərkəzi Kitabxananın təşkilatçılığı və dəstəyi ilə Azərbaycan Yazıçıları və Jurnalistləri birliklərinin üzvü Ələşrəf Niftiyevin anadan olmasının 79-cu ildönümü və “Hekayələr, novellalar və esselər” kitabının təqdimatı keçirilib. Tədbirdə rayon ziyalıları, mətbuat və ictimaiyyət nümayəndələri, kitabxana əməkdaşları iştirak ediblər. Tədbir başlamazdan öncə müasir Azərbaycanın qurucusu Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən tanınmış jurnalist, “Tərəqqi” medallı Əyyub Mehdiyev yazıçı, ictimai-siyasi xadim Ələşrəf Niftiyevin ömür yolu və bədii yaradıcılığı haqqında söz açıb. O, bildirib ki, tanınmış ziyalı, yazıçı-publisist, Masallı rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev rayonun ictimai-siyasi həyatında fəal iştirak edir. Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, kadr təyinatında təcrübə və peşəkarlığa görə ölkəmizin ən çətin vaxtlarında Ə. Niftiyevə etimad göstərilərək rayon rəhbərliyində yüksək vəzifəyə layiq görülüb.
Sonra Azərbaycan Respublikasının Əməkdar Jurnalisti Zakir Abbas şəxsiyyətinə və yaradıcılığına dərindən bələd olduğunu qeyd edərək Ələşrəf Niftiyevi ad günü münasibətilə təbrik edib. Vurğulayb ki,əmək fəaliyyətinə orta məktəbdə müəllim kimi başlayan Ə. Niftiyev öz çalışqanlığı və istedadı sayəsində həyatda arzuladığı yüksək mövqelərə nail olub. Məhsuldar yaradıcılığını indiyədək 19 kitabla zənginləşdirən yazıçı ən çətin ədəbi sahələrdən biri olan publisistika janrında da qələmini sınayaraq uğur qazanıb.
Yazıçı-tədqiqatçı, publisist Xodaşirin Cəbiyev, şairə Meysəba Aslanova, “Yeni həyat” qəzetinin baş redaktoru Əlihüseyn Şükürov, rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva, Ağsaqqallar Şurasının üzvləri Səyyad Quliyev, Əfqan İbrahimov və Fəxrəddin Sadıqov yazıçının ədəbi yaradıcılığının xüsusiyyətləri, rayonun ictimai-siyasi həyatında göstərdiyi çoxsaylı xidmətlərindən söhbət açaraq barəsində xoş sözlər söyləyiblər.
Kitabxananın direktor əvəzi Zamin Məmmədov çıxışında Ə.Niftiyevin əməyinə dövlətimiz tərəfindən yüksək qiymət verildiyini vurğulayaraq onun müxtəlif orden və medallara, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2007-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə lll dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildiyini diqqətə çatdırıb.
Tədbirdə yekun nitqi ilə çıxış edən Ələşrəf Niftiyev Azərbaycanın bu günki inkişafının qarantı olan, xalqımızın içərisindən yetişən ən böyük şəxsiyyətlərdən biri olan Heydər Əliyevin dövlətçilik qarşısında xidmətlərini yüksək dəyərləndirib. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövrdə işləməsini öz karyerasının ən önəmli səhifəsi adlandırıb.Hər zaman yaradıcılığına həsr olunmuş tədbirlərin təşkilində fəallıq göstərdiyinə görə Mərkəzi Kitabxananın rəhbəri və kollektivinə təşəkkür edib.
İBRAHİM ŞÜKÜROV,
Masallı Rayon Agsaqqallar Şurasının mətbuat katibi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.