Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və xidmətin əməkdaşları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib.
Leqal.az xəbər verir ki, məzarın önünə əklil və gül dəstələri qoyulub, ümummilli liderin dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Xidmət əməkdaşları həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edib. Onun məzarı üzərinə gül dəstələri düzülüb.
Daha sonra DTX-da bu münasibətlə təşkil olunan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev ulu öndərin həyat yoluna nəzər salıb. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin mənalı ömrünün 25 ilini həsr etdiyi təhlükəsizlik orqanlarındakı fəaliyyəti bu orqanların tarixində mühüm bir mərhələ kimi qiymətləndirilib.
Əli Nağıyev qeyd edib ki, məhz Heydər Əliyevin səyi nəticəsində təhlükəsizlik təşkilatı azərbaycançılıq ideologiyası əsasında formalaşıb və xilaskarlıq missiyasını üzərinə götürərək dövlətimizin müstəqilliyinin qorunub saxlanılmasında misilsiz xidmətlər göstərib.
Xidmətin rəisi onu da bildirib ki, bugünkü təhlükəsizlik orqanlarının fəaliyyətinin əsasını Heydər Əliyevin bu təsisatda təməlini qoyduğu peşəkarlıq məktəbi və vətənpərvərlik irsi təşkil edir. Onun sözlərinə görə, DTX-nin əməkdaşları bu məktəbin davamçıları olaraq təhlükəsizlik orqanlarında Heydər Əliyev ənənələrinin yaşadılması və inkişaf etdirilməsi naminə əzmlə çalışır.
Əli Nağıyev Ulu Öndərin siyasi varisi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xüsusi xidmət orqanlarının hazırda öz fəaliyyətini uğurla həyata keçirdiyini diqqətə çatdırıb.
Tədbir DTX-nin Mədəniyyət mərkəzində tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin ifasında konsert proqramı ilə davam etdirilib.